İnternetdə 'link vergisi' qoyulacaq

İnternet

Avropa Parlamenti sentyabrın 12-də internetdə müəlliflik hüquqlarına dair yeni qanun qəbul edib. Müşahidəçilər bu qanunun internetdən istifadənin keyfiyyətini azaldacağını deyirlər.

«Müəllif hüququ təlimatı» (Copyright Directive) adlanan bu hüquqi akt rəqəmsal materialların mülkiyyətini qorumaq məqsədi daşıyır. Parlamentin 438 üzvü onun lehinə, 226-sı əleyhinə səs verib. Sənədin uyğun olaraq «link vergisi» və «yükləmə filtri» kimi tanınan 11-ci və 13-cü maddələrində son dərəcə ziddiyyətli müddəalar var.

«Link vergisi»

11-ci maddədə internetdə material dərc edənlərə «link vergisi» tətbiq etməklə əlavə pul qazanmaq imkanı verir. Məqsəd Facebook və Google kimi güclü xəbər platformalarının nəhəng gəlirlərini bir qədər azaltmaqla kiçik saytlara onlardan pul almaq imkanı verməkdir.

Problem nədir? Facebook və Google kimi xəbər aqreqatorlarından az miqdarda pul ala bilən saytlar çiçəklənəcək. Belə kiçik məbləğlərlə işləyə bilməyən daha kiçik saytlarsa çıxdaş olunacaq. Beləliklə də güc daha zəngin internet şirkətlərinin əlinə keçəcək.

Bundan başqa, təbii ki, Facebook və Google kimi nəhənglər bu vergini ödəməyə çətinlik çəkməyəcəklər. Daha kiçik saytlarsa bu yükün altından çıxa bilməyəcəklər.

Buna bənzər bir addım artıq İspaniyada atılıb və nəticəsi ürəkaçan olmayıb.

Üstəlik, Wikipedia kimi qeyri-kommersiya təhsil resursları link, iqtibas və sitatlar üzərində qurulduğuna görə işləyə bilməyəcək.

«Senzura maşını»

Sənədin 13-cü maddəsində isə deyilir ki, YouTube kimi platformalar yeni yüklənmiş kontenti xüsusi alqoritmlər vasitəsilə filtr etməlidirlər. Mətbuat bu dəyişiklikləri «senzura maşını» adlandırıb.

Bu dəyişiklik nəticəsində remikslər, memlər düzəltmək, işləri paylaşmaq və bugünə qədər normal sayılan bir çox fəaliyyət növü qanunu pozmamağa, məhkəmə davalarından yan keçməyə çalışan platformaların qurbanına çevriləcək. Bundan başqa, kopirayt trolları əslində onlara aid olmayan əqli mülkiyyətə iddia edəcəklər.

Təbii ki, internet bu qərardan məmnun deyil. Wikipedia-nın yaradıcısı Jimmy Wales kimi tanınmış internet simaları artıq öz narazılıqlarını bildiriblər. 13-cü maddədə göstərilən filtrlərsə məsələni həll etmir. YouTube-dakı kontent yaradıcıları illərlə platformanın onların videolarını müəlliflik hüquqlarının pozulması adı ilə səhvən işarələməsindən şikayətləniblər.

Avropa Parlamenti «Müəllif hüququ təlimatı»nı qəbul etsə də, hələlik o, qanuna çevrilməyib. Yanvarda daha bir səsvermə keçirilməlidir. Bu səsvermə ilə direktiv qəbul olunarsa, onun necə tətbiq olunacağı AB-nin üzvü olan ayrı-ayrı ölkələrdən asılıdır. Bu isə çox sayda ölkənin bu qanunu tətbiq etməsi ilə nəticələnə bilər.

Qaydalar necə tətbiq olunacaq

İctimaiyyətin bu məsələyə diqqətini cəlb etmək çətindir. Bu, qismən hələ qarşıda keçilməli olan prosedurlara görədir.

Ümumi Məlumatların Qorunması Aktından (General Data Protection Act) gördüyümüz kimi, internetə yeni qaydaların qoyulması sadəlikdən çox uzaqdır. AB üzvlərinə onların tətbiq yolları haqda qərar vermək üçün çoxlu vaxt gərəkəcək.

Hələlik «link vergisi»ndən çox uzaq olsaq da, yeni qanunu tənqid edənlər hesab edirlər ki, Avropa Parlamentinin bu qərarında güclü mesaj var: ola bilsin ki, Avropada söz azadlığı risk qarşısındadır.

Bu ilin iyulunda Avropa Parlamenti qanunu dəyişikliklər üçün müzakirəyə çıxarmaq qərarına gəlmişdi. Bir çoxları bu zaman təhlükənin sovuşduğunu düşündülər. Ancaq belə düşünmək yanlış idi.

Avropa Parlamentinin üzvü Julia Redasaid «Gizmodo» saytına deyib ki, alimlər, ekspert və internet istifadəçilərinin yayda dilə gətirdikləri problemlər hələ də qalmaqdadır.