Buşehrdə ‘texniki nasazlıq’ yarandığı deyilir

Buşehr zavodu

Agentlik qeyd edir ki, ölkənin cənubundakı Buşehr liman şəhərində yerləşən zavod “bir neçə günə” ümumi elektrik şəbəkəsinə qoşulacaq

İran atom enerjisi qurumu ölkənin yeganə nüvə enerjisi zavodunun “texniki nasazlıq” səbəbindən müvəqqəti bağlandığını bildirir.

Agentlik qeyd edir ki, ölkənin cənubundakı Buşehr liman şəhərində yerləşən zavod “bir neçə günə” ümumi elektrik şəbəkəsinə qoşulacaq.

Tavanir dövlət elektrik şirkətinin rəsmisi Qulaməli Raxşanimehr qapanmanın “üç-dörd gün” çəkəcəyini, elektrik təminatında fasilələr yarana biləcəyini bildirib.

Tavanir zavodda təmir işinin getdiyini, iyunun 25-dək çəkə biləcəyini vurğulayıb.

İlk dəfədir İran Buşehrdə fövqəladə vəziyyət yarandığını bildirir. Zavod 2011-ci ildə işə düşüb.

Zavodun tikintisi illərlə çəkən yubanmalarla Rusiya tamamlayıb. Zavoddakı yeganə reaktor 1000 meqavat elektrik enerjisi hasil edir.

Rusiya və İran şirkətləri 2016-cı ildə daha iki reaktorun tikintisinə başlayıblar. Bu tikintinin 10 ilədək çəkəcəyi gözlənir.