Jurnalistin ölüm işi: ‘Bir təpiyə görə mənə 11 il iş verilib’

Rasim Əliyev ölməmişdən qabaq.

Jurnalist Rasim Əliyevin döyülüb öldürülməsinə görə həbs olunan beş nəfərdən ikisi - Arif Əliyev və Samir Mustafayev vəkillərinin apellyasiya şikayətindən imtina edib. Onlar bu qərarlarını martın 1-də Bakı Apellyasiya Məhkəməsində açıqlayıblar.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən, Arif Əliyevin hüquqlarını Fəxrəddin Səfərov, Samir Mustafayevi isə Bəxtiyar Hacıyev müdafiə edirdilər. Apellyasiya şikayətini həmin vəkillər yazmışdılar. Apellyasiya instansiyasında adları çəkilən iki nəfər də daxil, təqsirləndirilən şəxslərdən dördünün hüquqlarını Şəmsəddin Quliyev, Kənan Mədətovun haqlarını isə Rəsul Yusifbəyli qoruyur.

Martın 1-də Bakı Apellyasiya Məhkəməsində vəkillər çıxış ediblər.

Buna da bax:​ Jurnalistin ölümündə təqsirli bilinənlər apelyasiya şikayəti verib

“Rasim Əliyevin ölümünün səbəbkarı həkimlərdir”

Rəsul Yusifbəyli Bakı Ağır Cinayətlər Məhkəməsinin işə başdansovdu yanaşdığını söyləyib: "Təqsirləndirilən tərəflə zərərçəkmişin fikirləri çox nadir hallarda üst-üstə düşür. Bu işdə biz də, zərərçəkən də həkimlərin məsuliyyətə cəlb olunmasını tələb etmişik, bu haqda vəsatətlər qaldırmışıq. Amma təəssüf ki, vəsatətlərimiz təmin olunmayıb, həkimlər məsuliyyətdən kənarda saxlanılıblar. Halbuki Rasim Əliyevin ölümünün səbəbi həkim səhlənkarlığıdır”.

Heç bir günahı olmadan Kənan Mədətovun 9 il həbslə cəzalandırıldığını deyən vəkilin sözlərinə görə, kamera görüntülərində də onun Rasim Əliyevə toxunmadığı aşkar görünür. Müdafiəçi Kənan Mədətov haqda hökmün dəyişdirilməsini, ona bəraət verilməsini istəyib.

Vəkil Şəmsəddin Quliyev qalan dörd nəfərdən danışaraq deyib ki, kimisə öldürmək niyyətləri olsaydı, onları heç müdafiə etməzdi: "Rasim Əliyevin ölümü həkimlərin səhlənkarlığının nəticəsidir. Amma məhkəmə həkimləri çağırıb dindirmədi. Ekspertiza rəylərində xeyli səhvlər vardı, onlar araşdırılmadı".

Buna da bax: Ali Məhkəmə jurnalistin ölüm işinə baxıb

Şəmsəddin Quliyev hadisədən sonra Rasim Əliyevin xəstəxanada çəkilmiş rentgen şəkillərinin alınıb araşdırılması haqda vəsatət qaldırıb. Bu vəsatət zərərçəkmişin nümayəndəsi Fariz Namazlının iştirakı ilə müzakirə olunmaq üçün növbəti məhkəmə iclasına saxlanılıb.

“Bura Azərbaycandır, məhkəmədən ədalət gözləmirəm”

Ardından təqsirləndirilən Elşən İsmayılov (futbolçu Cavid Hüseynovun bibisi oğlu - red.) danışıb: "Təəssüf ki, məhkəmə heç nəyə əhəmiyyət vermədi. Ortada kamera görüntüləri var, orada hər şey görünür. Mənə ittiham veriblər ki, guya pulqabı götürmüşəm. Elə şey olmayıb, axı. Özümü ancaq dalaşmaqda günahkar bilirəm, Rasim Əliyevin ölümündə yox. Heç onun ölümündə mənim günahım sübuta yetirilmədi də. Eybi yox, vaxt gələcək, prokurorluq əməkdaşları, müstəntiqlər də bura düşəcəklər. Əvvəlcədən təşkil olunmuş qaydada kameranın altına düşdüm, buna görə cavanlığım getdi".

Elşən İsmayılov çıxışının sonunda bu işin istintaqını aparmış müstəntiqin hərəkətlərinə hüquqi qiymət verilməsini istəyib.

Buna da bax:​ 'Bizə Cavid Hüseynovla bağlı danışmağa icazə verilmir'

Təqsirləndirilən Camal Məmmədov da müstəntiqdən gileylənib. Onun sözlərinə görə, müstəntiq deyib ki, onluq bir iş yoxdur, hər şey "yuxarıdan" tapşırılıb. Camal Məmmədovun fikrincə, Kənan Mədətov və Samir Mustafayev, ümumiyyətlə, buraxılmalıydılar, çünki onların günahı yoxdur.

"Bir təpiyə görə mənə 11 il verilib. Mən Apellyasiya Məhkəməsindən də ədalət gözləmirəm, çünki bura Azərbaycandır”, - Camal Məmmədov belə deyib.

Mərhum jurnalistin anası Teyfurə Əliyeva da öz fikrini bildirib: “Bu adamlar Rasimin ölümündə günahkardırlar, qatildirlər. Bu, təsdiqini tapıb. Bu hadisə əvvəlcədən təşkil olunub. Bunların dediklərindən belə çıxır ki, “biz onu döymüşdük, amma həkim qurtarmalı idi”. Mən bunlara da, həkimlərə də ən ağır cəzanın verilməsini istəyirəm. Rasim Əliyevin ölümündə həm bu beş nəfərin, həm də həkimlərin günahı var. Onların hamısı oğlumun ölümündə iştirak edib”.

Buna da bax:​ Rasim Əliyevin anası: 'Bəs bu işi prezident nəzarətdə saxlayırdı?'

Məhkəmə martın 15-də davam edəcək.

Xatırlatma

İki il öncə avqustun 8-də bir qrup şəxs Rasim Əliyevi döyüb. O, ayın 9-na keçən gecə Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib. Bu hadisə ilə əlaqədar Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. İstintaqın sonunda Cavid Hüseynov haqqında cinayət işi ayrılıb.

Cinayəti bilib xəbər verməməkdə suçlanan Cavid Hüseynov ötən il mayın 31-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib.

Buna da bax: 'Dünya dağılaydı, amma Rasim qalaydı'- Nişanlısı

Bakı Apellyasiya Məhkəməsi ötən il oktyabrın 12-də onun cəzasını 1 il 2 aya endirib və o, azadlığa buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri - 9 il, Camal Məmmədov - 11 il , Arif Əliyev - 12 il 6 ay, Elşən İsmayılov - 13 il azadlıqdan məhrum ediliblər.