Bu gün, mayın 6-da 3 jurnalist və bir yazar Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dəvət olunub. Onlara 4 il (2015-ci ildən) qüvvədə olan ölkədən çıxış məhdudiyyətlərinin götürüldüyü bildirilib.
«Bizi həmin idarənin rəisi Eldar Əhmədov dəvət edib və zərurətin aradan qalxması ilə əlaqədar ölkədən çıxış qadağasının ləğv edildiyi barədə öz imzaladığı bildirişi təqdim edib», - deyə jurnalist Natiq Cavadlı bildirib.
Ondan başqa, İzolda Ağayevaya, Səlimə Cəlilovaya və yazar Rasim Qaracaya da belə bildirişlər verilib.
Yaxın gələcəkdə nə vaxtsa MeydanTV-dən ötrü materiallar hazırlamış ən az 8 jurnalistin də ölkədən çıxış qadağasının ləğv ediləcəyinin gözləndiyi bildirilir.
Baş verənlərə, hələlik, Baş Prokurorluqdan ayrıca münasibət almaq mümkün olmayıb.
Ölkədən çıxışına yasaq qoyulan bir qrup jurnalist mayın 3-də Ümumdünya Media Azadlığı Günü münasibətilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin binası önündə etiraz aksiyası keçirmişdilər Jurnalistlər orada demişdilər ki, ölkədən çıxışlarına qoyulan yasağa etiraz edirlər və bunu qanunsuz sayırlar. «Dörd ildir ki, MeydanTV ilə bağlı qaldırılan cinayət işinə görə bizim ölkədən çıxışımıza yasaq qoyulub. Rəsmi olaraq bizə izahat vermirlər, amma qeyri-rəsmi bu qadağaya səbəb həmin cinayət işlərində jurnalistlərin şahid kimi keçmələrini göstərirlər. Azərbaycan qanunvericiliyinə görə, şahidə hər hansı məhdudiyyət tətbiq oluna bilməz, bunun özü qanun pozuntusudur», - aksiya iştirakçıları qeyd etmişdilər.
Aksiyada bildirilib ki, ölkədən çıxışına məhdudiyyət qoyulan jurnalistlər tək MeydanTV ilə əməkdaşlıq edənlər olmayıb. Azərbaycanda müxtəlif media orqanı ilə bağlı açılmış cinayət işlərinə görə də bir sıra başqa jurnalistlərin ölkədən çıxışına yasaq qoyulduğu açıqlanıb.
Jurnalistlər «Stop-a stop» şüarı səsləndirmişdilər, üzərində «Xəyallar Paris, reallıq Sınıq körpü» və başqa sözlərin yazıldığı plakatlar qaldırmışdılar.
Sonra da jurnalistlər Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qəbul ediliblər. Qəbuldan çıxdıqdan sonra jurnalistlər məsələnin həlli ilə bağlı ümidverici açıqlamalar vermişdilər.
Xatırlatma
2013-cü ildən fəaliyyət göstərən MeydanTV onlayn televiziyadır. Televiziyanın Bakı bürosu 2014-cü il dekabrın 9-da fəaliyyətini dayandırıb.
Daha sonra MeydanTV ilə əməkdaşlıq edən bir çox jurnalist, yazar Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindiriliblər.
«MeydanTV internet kanalının vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2. (Qanunsuz sahibkarlıq - külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2. (Vergi ödəməkdən yayınma ) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddələri ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 152006048 saylı cinayət işinin istintaqı davam edir». Bu barədə vəkil Elçin Sadıqov bir müddət öncə bildirmişdi.