Kabil bomba partlayışlarında 12 ABŞ hərbçisi də daxil onlarca ölən var

"Reuters" agentliyi adı çəkilməyən ABŞ rəsmilərinə istinadən yazır ki, partlayışın intiharçı tərəfindən törədildiyinə inanılır.

Kabil hava limanının yanında törədilmiş iki bomba partlayışı və atışmada 12 ABŞ hərbçisi də daxil azı 72 nəfərin həlak olduğu xəbər verilir.

Əfqanıstan rəsmiləri azı 60 əfqanın öldüyünü və bu hücum üçün məsuliyyəti öz üzərinə İslam Dövləti terrorçu təşkilatının götürdyünü bildiriblər.

Daha 143 nəfərin yaralandığı xəbər verilir.

Terrorçu qrup özünün Telegram kanalında qoşa partlayışa görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.

ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Frenk Makenzi deyib ki, basqın nəticəsində 12 ABŞ hərbçisi həlak olub və daha 15 hərbçi yaralanıb.

O bildirib ki, partlayışdan əvvəl atışma baş verib.

***

Kabil hava limanının hasarı yaxınlığında iki partlayış törədilib. Partlayış vaxtı burada hava limanından evakuasiya olunmağa çalışan minlərlə adam vardı.

Bundan əvvəl ərazidə terror hücumu törədilə biləcəyinə dair “çox inandırıcı” məlumatın olduğu bildirilmişdi.

Həm Pentaqon, həm də Türkiyə Müdafiə Nazirliyi avqustun 26-da bildiriblər ki, birinci partlayış hava limanı hasarının bayır tərəfində, Abbey Gate deyilən ərazidə törədilib.

Reuters agentliyi adı çəkilməyən ABŞ rəsmilərinə istinadən yazır ki, partlayışın intiharçı tərəfindən törədildiyinə inanılır.

Yaralılar hospitala gətirilir

Bu da xəbər verilir ki, partlayış nəticəsndə qadınlar və uşaqlar da daxil azı 13 nəfər həlak olub.

CNN Pentaqona istinadən bu basqın nəticəsində azı üç ABŞ hərbçisinin yaralandığını xəbər verib.

Pentaqonun sözçüsü Con Kerbi ikinci partlayışın törədildiyini təsdiqləyib.

O deyib ki, sözü gedən partlayışlar əvvəlcədən planlaşdırılımış “kompleks hücumun” bir hissəsi olub.

***

Əfqanıstanda Kabil hava limanının yanında partlayış baş verib.

Bu barədə məlumatı Pentaqonun sözçüsünə istinadən avqustun 26-da Reuters agentliyi verib.

Bu da bildirilir ki, partlayış barədə prezident Co Baydenə məlumat verilib.

İlkin məlumatlara görə intiharçı bomba partlayışı nəticəsində uşaqlar da daxil azı 13 nəfər həlak olub.

Partlayış nəticəsində Taliban əsgərlərinin də yaralandığı xəbər verilib.

Türkiyə Müdafiə Nazirliyi Kabil aeroportunda bir yox, iki partlayışın baş verdiyini bildirib. Taliban bu məlumatı təsdiq edib.

Başqa bir xəbərdə İtaliyanın Kabil hava limanından qalxan hərbi-nəqliyyat təyyarəsinin atəşə tutulduğu deyilir.

ABŞ xəbərdarlıq etmişdi

Bundan az əvvəl verilən xəbərdə deyilirdi:

Birləşmiş Ştatlar və digər Qərb ölkələri vətəndaşlarına xəbərdarlıq ediblər ki, Kabil aeroportunun ətrafından çəkilsinlər. Səbəb kimi aeroporta terror hücumu təhlükəsinə dair “çox etibarlı” kəşfiyyat məlumatı göstərilib. Bu arada minlərlə insan təxliyə reyslərinə minmək üçün aeroporta və ətrafına yığışır.

Əfqanıstandan yeganə çıxışın ətrafında “inanılmaz tünlük” var, bir qərb diplomatı avqustun 26-da deyib. Xəbərdarlığa baxmayaraq, xeyli sayda insan aeroporta girməyə çalışır.

Kabildən çıxmaq istəyən qərblilərin sayı bəlli deyil. Amma bir qərb rəsmisinin sözlərinə görə, əlində ABŞ pasportu və vizası olan təxminən 1500 nəfər aeroporta getməyə çalışır. Bu rəqəmi avqustun 25-də ABŞ-ın Dövlət katibi Entoni Blinken də təsdiqləyib.

Buna da bax: 1500-dək ABŞ vətəndaşının hələ də Əfqanıstanda qaldığı bildirilir

Kəşfiyyat məlumatı

ABŞ-ın Kabildəki səfirliyi avqustun 25-də axşam öz vətəndaşlarına xəbərdarlıq edib ki, aeroporta getməsinlər, orada olanlar isə “təhlükəsizlik təhdid”inə görə dərhal uzaqlaşsınlar.

Britaniya, Avstraliya da oxşar xəbərdarlıqla çıxış ediblər. Britaniyanın Silahlı Qüvvələr naziri Ceymz Hipey avqustun 26-da deyib ki, silahlıların Kabil aeroportuna yığışanlara hücum planlaşdırmasına dair “çox etibarlı” kəşfiyyat məlumatı var.

“Bu səbəbdən ötən gecə xəbərdarlıq olunub ki, adamlar Kabil aeroportuna getməsinlər, təhlükəsiz yerə gedib əlavə təlimat gösləsinlər”, – Hipey BBC radiosuna deyib.

Avqustun 31-də təxliyələr bitməli, prosesə nəzarət edən ABŞ əsgərləri Əfqanıstandan çıxarılmalıdır. Bu səbəbdən getdikcə daha çox adam aeroporta gedir, ölkədən çıxmağa çalışır.

Fransa avqustun 26-da deyib ki, avqustun 27-dən sonra daha Əfqanıstandan kimisə çıxara bilməyəcək. Macarıstan isə Kabildən son iki hərbi reysin təhlükəsiz şəkildə Budapeştə endiyini açıqlayıb.

Buna da bax: Əfqan körpəyə təyyarənin adını qoydular

Hücum ehtimalı

ABŞ Prezidenti Co Bayden İslam Dövləti silahlı qruplaşmasının regional qanadının “kəskin” terror təhlükəsi yaratdığını, buna görə də 31 avqust tarixinə əməl edilməli olduğunu bildirib.

Qərb əsgərləri aeroportun daxilində evakuasiyanı mümkün qədər sürətləndirməyə çalışır, Taliban döyüşçüləri isə onun ətrafını qoruyurlar.

Kabil aeroportundan Mülki Aviasiya Direktorluğunun rəsmisi Əhmədulla Rafiqzay “Reuters”ə deyib ki, intiharçı asanlıqla dəhlizlərə hücum edə bilər və bu haqda dəfələrlə xəbərdarlıq olunub. Amma o, adamların onları eşidəcəyinə şübhə edir.

Taliban avqustun 15-də Kabili tutandan ABŞ və müttəfiqləri ölkədən 88 mindən çox adamı çıxarıblar. ABŞ ordusu hər 39 dəqiqədən bir havaya təyyarə qalxdığını bildirir.

Silahlı qruplaşma bu dəfə idarəçiliyinin 1990-cı illərdən fərqli olacağını vəd etsə də, onların özəlliklə qadın hüquqlarına hörmət edəcəyinə ciddi şübhələr var.