Məsciddə partlayışda 21 nəfər öldürülüb

Hadisə qurbanları dəfn olunur

33 nəfər isə yaralanıb

Avqustun 17-də Əfqanıstanın paytaxtı Kabildə məsciddə axşam ibadəti zamanı partlayış baş verib, polis 21 nəfərin öldüyünü bildirir.

33 nəfər isə yaralanıb.

Taliban hökumətinin sözçüsü Zabihulla Mücahid partlayışda ölən və yaralananların olduğunu təsdiqləsə də say açıqlamayıb.

“Dinc sakinlərin qatilləri və bunun arxasında duranlar... tezliklə cinayətlərinə görə cəzalandırılacaqlar”, – o, Twitter-də yazıb.

Kabildə xəstəxana işlədən İtaliyanın “Emergency” qeyri-hökumət təşkilatı bildirib ki, partlayış nəticəsində xəstəxanaya qəbul edilənlərin çoxu qəlpə və yanıq xəsarəti alıb.

Hücuma görə məsuliyyəti götürən olmayıb. Ancaq Taliban ötən ilin avqustunda hakimiyyətə gələndən İslam Dövləti qruplaşmasının yerli qanadı hücumları artırıb. Taliban ABŞ-ın rəhbərlik etdiyi qüvvələr ölkədən çıxandan sonra ölkə boyunca hakimiyyəti ələ keçirib.