Türkiyə Kabil aeroportunu qorumağı təklif edib

Əfqanıstan-Kabil Beynəlxalq Hava Limanı , 26 iyun , 2018

Birləşmiş Ştatlarla Türkiyə Əfqanıstanda təhlükəsizlik məsələsi ilə bağlı əməkdaşlığı müzakirə edirlər.

Reütersin məlumatına görə, bunu iyulun 12-də ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays ( Ned Price) bildirib.Məlumatda bildirilir ki, Ankara ABŞ ordusunun Əfqanıstandan çıxmasından sonra Kabil hava limanının mühavizəsinin təmin edilməsini təklif edib.

ABŞ Dövlət Departamentinin sözşüsü Ned Price, 31Mart 2021

Amma Ned Prays bu təklif və hava limanının necə fəaliyyət göstərəcəyi barədə əlavə məlumat verməkdən imtina edib.

“Söhbət ordunun çıxarılması və Əfqanıstanda daha geniş təhlükəsilik məsələsindən gedəndə, biz sözsüz Türkiyənin konstruktiv rolunu alqışlayırıq”, deyə o vurğulayıb.

Ned Prays qeyd edib ki, Vaşinqtonla Ankara hazırda Əfqanıstanda təhlükəsizlik sahəsində daha geniş əməkdaşlıq məsələsini müzakirə edirlər.

Qeyd edək ki, ABŞ öz ordusunu Əfqanıstandan çıxarmağa başlayıb.ABŞ ordusu ötən həftə Baqramdakı hərbi bazanı da Əfqanıstan hökumət qüvvələrinin nəzarətinə verib.

Amma ABŞ və NATO qüvvələri Əfqanıstanı tərk etdikcəTaliban birləşmələri ölkənin şimalında böyük əraziləri ələ keçirib. Hazırda Tacikstanla sərhədin çoxuna da Taliban nəzarət edir.

Amma Talibanın nümayəndələri iyulun 8-də Moskvaya səfər zamanı deyiblər ki, Orta Asiya ölkələri ilə sərhədləri pozmayacaqlar. Onlar Əfqanıstandakı xarici diplomatik və konsulluq missiyalarının təhlükəsizliyinə də təminat veriblər. Bu barədə Rusiyanın XİN-i məlumat yayıb.

Əfqanıstanla həmsərhəd olan Tacikistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və Rusiyanın bu ölkədə hərbi bazası var.

Artıq Düşənbə mümkün təhlükə ilə bağlı, bu təşkilata müraciət edib.

Qeyd edək ki, Taliban hakimiyyəti 2001-ci ildə, ABŞın rəhbərlik etdiyi beynəlxalq koalisiyasının Əfqanıstana müdaxiləsi ilə devrilib.

Amma hazırda Əfqanıstanın müxtəlif yerlərində hökumət qoşunları ilə talibanşılar arasında döyüşlır gedir.