Polşa rejissoru yazıçı Kafkanı anladacaq iddialı film çəkəcək

Aqneşka Holland

Polyak rejissor Aqneşka Holland XX əsrin ən böyük yazıçılarından almandilli yəhudi Frants Kafkanın bioqrafiyasını əks etdirən film çəkəcək.

"Kafka" adlı film yazıçının həyatını ayrı-ayrı vinyetlər - başlıqlar şəklində diqqətə yetirəcək ("vinyet" sözü fransızcadan götürülüb və "kitab səhifələrini bəzəyən başlıq, bəzək-düzək vurulan hərf" anlamına gəlir. Əslində latıncanın "üzüm, şərab" mənası verən "vine" sözündən götürülüb – red.).

Bu başlıqlar Kafkanın XIX əsrdə Praqada doğulmasından tutmuş, 1924-cü ildə Berlində faciəvi ölümünədək bir neçə səhnəni əks etdirəcək. Filmdə hətta yazıçının təxəyyülündə canlandırdığı gələcəyi əks etdirən vinyetlər də olacaq.

Bu tammetrajlı filmin prodüserləri Sarka Tsimbalova, Sem Teylor Mayk Dauni olacaq. "Variety" saytı bu prodüserlər üçlüyünün filmə dair açıqlamasına dayanaraq yazır ki, "Kafka" ünlü yazıçının həyat və təxəyyülünü dramatikləşdirən kaleydoskopvari mozaika şəklində işlənəcək.

Buna da bax: Kafka irsi üstündə qovğa

Hələlik, satış şirkətləriylə danışılır

Filmin ssenarisini Dauni və öz hekayəsi əsasında Marek Epşteyn yazır. "Kafka" ilk dəfə bu il fevralın 12-də Berlin Kino Festivalının birgə istehsal bazarında sponsorlara təqdim olunub. Gələn ilin yazında film istehsal mərhələsinə keçəcək. Hələliksə prodüserlər satış şirkətləri ilə danışıqlar aparırlar.

İndilik o bilinir ki, "film zamanı qabaqlayaraq Kafkanın bacısının ölümündən də söz açır. Axı Kafka bacısının ölümünü öncədən görmüşdü. Film daha sonra Kafkanın təsirinin hər zamankından daha güclü olduğu çağdaş Praqaya gəlib çıxır", - prodüserlərin sözləridir.

Holland daha öncə "In Darkness" filminə görə "xarici dildə ən yaxşı film" nominasiyasında "Oskar" mükafatına namizəd göstərilib. Ötən il onun "Charlatan" adlı tammetrajlı filmi eyni kateqoriyada qısa siyahıya düşüb. Bu ekran əsəri çexoslovakiyalı loğman Yan Mikulaşek haqdadır. Filmin premyerası 2020-ci ildə Berlin Kino Festivalında olub.

"Charlatan" filmi "ən yaxşı xarici tammetrajlı film" nominasiyasında da Çexiyanın rəsmi namizədi kimi 2021-ci il "Oskar" mükafatlarının qısa siyahısına daxil edilib. Yeri gəlmişkən, bu film də sözügedən prodüser üçlüyünün əməkdaşlığı ilə ortaya çıxıb. Film Britaniya, Belçika, İsveç, İspaniya, Niderland, Almaniya, Fransa, Avstraliya və Yeni Zelandiya da daxil, bir çox ölkəyə satılıb.

Buna da bax: Kafka sahibkar olacaqdı

"Bu gün Kafkanı onun müasirlərindən daha çox anlaya bilərik"

"Kafka çox duyarlı və öz zəmanəsinə uyğun gəlməyən böyük insan idi. Bu gün onu yüz il öncəki müasirlərindən daha çox anlamaq imkanımız var. O, üçüncü minilliyə aid bir ruh idi. Mental olaraq bədəninin reallıqlarından xeyli kənarda yaşayan insan olub. Dünyanı xeyli dərəcədə yazılarında yaşayıb. Bugünün insanının öz həyatını sosial mediada yaşaması kimi. Kafkanı anlamaqdan ötrü onun keçmişini və yaradıcılığından fraqmentləri səliqəylə birləşdirib yaşamının gedişatını əks etdirən mozaika yaratmaq istəyirik. Ancaq bunu da yetərsiz bilərək, Kafka təxəyyülünün dramatik dərinliyinin anlaşılan görüntüsünü yaratmağı umuruq", - Holland öz açıqlamasında belə deyib.

Holland filmi kollaj kimi işləmək, Kafkanın həyat və kitablarındakı səhnələri birləşdirmək, onun yaşamının bu gün nə qədər aktual olduğunu göstərmək istədiyini söyləyib. O əlavə edib ki, film "Charlatan"la müqayisədə daha az ənənəvi olacaq və o dövrün çərçivələrini dövrümüzə daşıyacaq. Rejissor ölümündən sonra əsərlərinin məhv edilməsini istəyən bir yazıçını anlamaq üçün bu üsula üstünlük verdiyini bildirib.

Buna da bax: 'Yakovun kitabları' yəhudi romanıdır?

"Komandanın yenidən bir araya gəldiyini görmək çox xoşdur. Mən "Charlatan" filmindəki uğurumuzdan sonra yenidən Berlinale birgə istehsal bazarına qayıtmağımız faktına ayrıca dəyər verirəm. Burada iştirakımız… layihə açıqlanandan bəri bizimlə aramsız əlaqə saxlayan maraqlı xarici partnyorlar tapmağa kömək edib", - digər prodüser Sarka Tsimbalovanın sözləridir.

"Kafka" filmi Çexiyanın "Marlene Film Production" və İrlandiyanın "Film and Music Entertainment" studiyalarında çəkiləcək. Ekran əsərini Çexiya Film Fondu dəstəkləyəcək.

Yaradıcılığı ağla sürrealizmi və kabus tərzini gətirən Kafkanın istər ədəbiyyata, istərsə kinematoqrafa təsiri böyükdür. Yazıçının həyatı Stiven Soderberqin 1991-ci ildə çəkdiyi, Fransa – Amerika istehsalı olan "Kafka" adlı nuar trillerin də əsas mövzusudur (insanı gərən, ona həyəcan yaşadan "qara film" anlamına gəlir – red.).