Ermənistan Daxili İşlər Nazirliyinin sözçüsü Narek Sarkisyan deyib ki, Ermənistanın hərbi cinayətdə ittiham etdiyi Zeynallı saxlanandan az sonra Moskva Yerevanla əlaqəyə girərək bu xəbəri təsdiq edib.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Sarkisyan ittihamın detalları barədə məlumat verməyib.
Erməni tərəfi ittihamın Zeynallının 44 günlük müharibəı zamanı Hadrutda yaşlı bir nəfərin başını kəsməsi iddiası ilə bağlı olduğunu bildirir.
Sarkisyan habelə Azatutyuna deyib ki, nazirlik şübhəlinin mümkün ekstradisiyası üçün laızm olan bütün sənədləri toplayaraq Rusiya hüquq-mühafizə orqanlaırna vermişdi.
Ermənistanın beynəlxalq hüquq ekspertlərindən Ara Qazaryan bu addımı mənasız adlandırıb.
Qazaryan Moskvanın şübhəlini sərbəst buraxmaq qərarının siyasi motivli olduğunu deyib. Ekspert bildirib ki, insident Rusiya-Ermənistan münasibətlərində artmaqda olan gərginliyi əks etdirir.
***
Bundan əvvəl verrilən xəbərdə deyilirdi ki, fevralın 21-də Moskvada saxlanılan Kamil Zeynallı sərbəst buraxılıb.
Bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyindən də "Turan"a təsdiqləyiblər.
+++
Azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı fevralın 21-də gecə saatlarında Moskvanın "Domodedovo" hava limanında saxlanılıb.
Bu barədə onun özü videomüraciət yayıb.
K.Zeynallının sözlərinə görə, polis əməkdaşları ötən ilin mayında Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini və onu həmin ölkəyə ekstradisiya edə biləcəklərini deyiblər: "May ayından mən üç dəfə Rusiyaya gəlmişəm, indi saxladılar. Ümid edirəm ki, dövlət qurumlarımız mənə dəstək olarlar".
Onun dediklərini, hələlik, Rusiyanın müvafiq hüquq-mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmayıb.
Ermənistan təsdiqləyir
Bununla belə, Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarqsyan AzadlıqRadiosunun erməni xidmətinə adıçəkilən şəxsi qətl ittihamı ilə beynəlxalq axtarışa verdiklərini təsdiqləyib.
Azatutyun-un məlumatına görə, K.Zeynallı 2020-ci ildə müharibə zamanı Hadrutun iki sakininin öldürülməsində ittiham olunur.
Azərbaycan Xarici İşlər Nazirliyindən isə məsələ ilə bağlı "Turan"a bunları deyiblər: "Bu məsələ səfirliyimizin nəzarətindədir. Vətəndaşa müvafiq dəstək göstərilir. Əlavə məlumat, hələlik, yoxdur".
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.