Azərbaycan hakimiyyəti jurnalist Rüfət Muradlını azad etməli, müstəqil mətbuata təzyiqlərə son qoymalıdır. Jurnalistləri Müdafiə Komitəsi (CPJ) dekabrın 4-də belə bir bəyanatla çıxış edib.
"Kanal 13"ün aparıcısı R.Muradlı dekabrın 2-də kiçik xuliqanlıq və polisin əmrinə tabe olmamaq ittihamları ilə saxlanılıb, 30 sutkalıq həbsə məhkum edilib. "Kanal 13"ün baş redaktoru Anar Orucov jurnalistin ittihamı rədd etdiyini deyir.
Orucov bu ittihamları "Kanal 13" və digər müstəqil mediaya davam edən təzyiqin tərkib hissəsi adlandırıb.
Ötən həftə "Kanal 13"ün direktoru Əziz Orucov, noyabrın 20-dən bəri isə AbzasMedia araşdırmaçı media orqanının dörd üzvü həbs olunub.
"İki həftədən az müddətdə saxlanan altıncı jurnalist olaraq Rüfət Muradlıya ittihamlar həmkarlarınkı kimi saxta və yalandır. Azərbaycan hakimiyyəti Muradlını və digər haqsız həbs olunmuş jurnalistləri dərhal azad etməli, müstəqil xəbər işinə təzyiqi dayandırmalıdır", – CPJ-nin proqram direktoru Karlos Martines de la Serna deyib.
Buna da bax: İki həftəyə beş jurnalistin həbsini media qurumları belə yozur…