Rusiya müxalifətçisi McCain-in cənazəsini müşayiət edəcək

Vladimir Kara-Murza (solda) və senator John McCain 2017-ci ildə

Kremlin qatı tənqidçisi Vladimir Kara-Murza mərhum senator John McCain-in cənazəsini Vaşinqton Milli Məbədinə aparılarkən müşayiət edəcək.

Kara-Murza-nın adı bu həftə McCain-in ofisi tərəfindən elan edilib. O habelə Arizona, Vaşinqton və Merilenddə keçirilən bir sıra xatirə mərasimlərinin iştirakçısı olacaq.

Beləliklə, Kara-Murza-nın adı senatorun cənazəsini müşayiət edəcək mötəbər şəxslərin siyahısına daxil edilib. Onların arasında keçmiş vise-prezident Joe Biden, keçmiş Nyu York meri Michael Bloomberg və bir neçə başqa senator və rəsmilər var.

Vaşinqton Milli Məbədindəki mərasim sentyabrın 1-də keçiriləcək. Bundan bir gün əvvəl McCain-in cənazəsi vidalaşma üçün Konqresdə qoyulacaq. Belə bir şərəfə çox az ABŞ rəsmisi layiq görülüb.

Kara-Murza Rusiyanın keçmiş baş nazir müavini Boris Nemtsovun köməkçisi olub.

Avqustun 27-də dərc etdirdiyi məqalədə Kara-Murza senatora, ona və Rusiyanın başqa demokrat fəallarına verdiyi dəstəyə görə təşəkkürünü bildirib:

"Onun Rusiyaya münasibətdə uzun müddət tutduğu mövqe xüsusi tərifə layiqdir. O qəti şəkildə Rusiyanı daxildə avtokratiyaya, xaricdə isə təcavüz alətinə çevirənlərin düşməni idi...”

Amerikanın müharibə qəhrəmanı və ABŞ donanmasının pilotu John McCain Rusiya, xüsusilə də prezident Vladimir Putinə qarşı davakar mövqeyi ilə tanınırdı.

O həm də prezident Donald Trump-ın Rusiyaya yönəlik siyasətini tənqid edirdi.

John McCain Merilend ştatında ABŞ Donanma Akademiyasının yerləşdiyi Annapolisdə torpağa tapşırılacaq.