Azərbaycan sərhədlərində məhdudiyyət iyulun 1-nə kimi uzadıldı

Sizin brauzer HTML5-i dəstəkləmir

Quru sərhədlərin bağlı olması vətəndaşın hüququnu pozurmu? (Arxiv)

Azərbaycanda xüsusi karantin rejimi 2025-ci il iyulun 1-nə kimi uzadılıb.

Baş nazir Əli Əsədov bununla bağlı bu gün, martın 18-də qərar imzalayıb.

Azərbaycanda karantin müddəti aprelin 1-də başa çatırdı.

Baş nazirin qərarında bu belə izah edilib: "Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə…".

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda 2020-ci ilin martından karantin rejimi elan edilib. Bu arada onun müddəti bir çox dəfə uzadılıb. Yoluxma sayından asılı olaraq zaman-zaman rejim sərtləşdirilsə də, sonra yenə yumşaldılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ilin mayından bu pandemiyanın başa çatdığını elan edib. Azərbaycanın özündə də son illər bu virusa yoluxma kəskin azalıb. Son vaxtlar isə, ümumiyyətlə, bu virusa yoluxma ilə bağlı hər hansı statistika açıqlanmır.

Koronavirusla bağlı 2020-ci ilin yazından Azərbaycanın quru sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb. Bu hal hələ də davam edir. Ölkənin bir sıra müxalifət partiyaları pandemiyanın başa çatdığını vurğulayaraq məhdudiyyətlərin götürülməsini tələb edir.

Dövlət başçısı və bəzi deputatlar isə son dönəmlər açıqlamalarında sərhəddə məhdudiyyətlərin saxlanmasını Nazirlər Kabinetindən fərqli olaraq təhlükəsizlik amili ilə izah edirlər. Amma hakimiyyətin opponentləri vurğulayırlar ki, təhlükəsizliklə bağlı sərhəddə məhdudiyyətin saxlanması hökumətin acizliyi sayıla bilər. Onların fikrincə, əslində məqsəd hakimiyyətdəkilərin iqtisadi və siyasi maraqlarına söykənir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də ÜST koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan 7 milyona yaxın şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə, son statistikalara görə, 834 mindən çox insanın bu virusa yoluxduğu, onlardan 10 min 400-nün vəfat etdiyi bildirilir.