Azərbaycanda karantin yenə uzadıldı

Sizin brauzer HTML5-i dəstəkləmir

5 manatlıq yol indi 300 manatdır: Sərhədlərin bağlı qalması qazaxlıları Gürcüstana həsrət qoyub

Azərbaycanda xüsusi karantin rejimi oktyabrın 2-dək uzadılıb.

Baş nazir Əli Əsədov bununla bağlı iyunun 23-də qərar imzalayıb.

Azərbaycanda karantin müddəti iyulun 1-də başa çatırdı.

Baş nazirin qərarında bu belə izah edilib: "Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə…".

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda 2020-ci ilin martından karantin rejimi elan edilib. Bu arada onun müddəti bir çox dəfə uzadılıb. Yoluxma sayından asılı olaraq zaman-zaman rejim sərtləşdirilsə də, sonra yenə yumşaldılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu pandemiyanın başa çatdığını elan edib. Azərbaycanın özündə də son aylar bu virusa yoluxma kəskin azalıb. İyunun 20-də cəmi 7 şəxsin koronavirusa yoluxduğunun təsdiqləndiyi açıqlanıb. Son sutkada bu virusa yoluxanlardan heç kimin ölmədiyi bildirilib.

Sizin brauzer HTML5-i dəstəkləmir

'Yolumuz 5 manat idi, indi olub 5 min manat' - Şimalda bağlı sərhədlərə belə etiraz edirlər

Koronavirusla bağlı 2020-ci ilin yazından Azərbaycanın quru sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb. Bu hal hələ də davam edir. Ölkənin bir sıra müxalifət partiyaları pandemiyanın başa çatdığını vurğulayaraq məhdudiyyətlərin götürülməsini tələb edir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də ÜST koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 7 milyona yaxın şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə iyunun 23-nə qədər 830 mindən çox insanın bu virusa yoluxduğu, onlardan 10 min 200-dən çoxunun vəfat etdiyi bildirilir.