Karantində olan baş nazirə hökumətin təşkili tapşırıldı

Prezident Klaus Iohannis (solda) və baş nazir əvəzi Ludovic Orban (Foto arxivdəndir)

Rumıniya prezidenti Klaus Iohannis hazırda karantində olan baş nazir əvəzi Ludovic Orbana yeni hökumətin təşkilini tapşırıb.

Bundan əvvəl müxalifət partiyaları Orbanı dəstəkləyəcəklərini bildirmişdilər.

Milli Liberal Partiyanın (MLP) lideri Orban ötən ay parlamentdə keçirilən etimad səsverməsində uduzub.

Iohannis deyib ki, o siyasi partiyalarla telekonfrans keçirib.

Buna səbəb MLP üzvü olan millət vəkillərindən birində koronavirus aşkar edildikdən sonra Orbanın keçid hökumətinin tam heyətlə özünükarantində olmasıdır.

Rumıniya mediası bildirir ki, Orbanın özündə koronavirus aşkar edilməyib.

Iohannisin dediyinə görə bütün siyasi partiyalar Orbanın hökumətinə rekord qısa müddətdə - martın 14-dək səs verəcəklərini vəd ediblər.

Orbanın hökuməti fevralın 5-də istefaya göndərilmişdi

Bütün hakimiyyət karantindədir

Bundan əvvəl, martın 13-də parlamentdə keçirilən mətbuat konfransında Orban demişdi ki, dövlət villalarından birində karantində olacaq və başqa nazirlərlə internet və telefon vasitəsilə əlaqə yaradacaq.

MLP liderlərinə və partiyadan olan bütün senatorlara da özlərini karantın etmək göstərişi verilib.

Orbanın cəmi üç ay fəaliyyətdə olmuş mərkəz-sağçı azlıq hökuməti fevralın 5-də parlamentdə etimad səsverməsindən keçməsə də, o, baş nazir əvəzi vəzifəsində qalıb.

Orbanın kabineti korrupsiya qalmaqallarında ad çıxaran solçu hökuməti əvəzləmişdi.

Yazda və yaxud yayın əvvəllərində Rumıniyada əvvəlcə bələdiyyə seçkiləri, sonra isə parlament seçkiləri keçirilməlidir.

Amma əgər Orban yeni hökuməti təşkil edə bilməsə, seçkilərin vaxtı bir qədər irəli çəkiləcək.