Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul edib

Görüş

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridi qəbul edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, Prezident Əliyevlə görüşü zamanı Donfrid Azərbaycan və ABŞ arasında son 30 il ərzində iqtisadiyyat, energetika, təhlükəsizlik və digər sahələrdə aparılan tərəfdaşlığı müzakirə edib: "Dövlət katibinin köməkçisi Donfrid Azərbaycana Ukraynaya (Rusiyanin təcavüzünə məruz qalıb) göstərdiyi dəstəyə, o cümlədən humanitar ianələr, təcili yardım maşınları üçün yanacaq və dəstək bəyanatlarına görə təşəkkür edib".

Habelə bildirildiyinə görə, Donfrid bölgədə sülhə doğru müsbət mühitin formalaşdığını qeyd edərək Avropa İttifaqı vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında aparılan danışıqları ABŞ-ın dəstəklədiyini vurğulayıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Avropa Birliyi Qarabağ üçün nələr edə bilər?

Xatırlatma

Mayın 22-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanla görüşmüşdü. Tərəflər sərhədlərin demarkasiyası komissiyasının işə başlaması üzrə razılığa gəlmişdilər.

Son aylar bu formatda düz üç görüş keçirilib, tərəflər arasında sülh sazişi ilə bağlı məsələlər müzakirə edilib.

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr ( 9 noyabr) razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

ABŞ Dövlət katibinin köməkçisi Azərbaycana gəlib

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bu gün, iyunun 15-də Azərbaycana gəlib. Onun iyunun 19-dək Azərbaycan, Gürcüstana və Ermənistanda səfərdə olacağı gözlənir.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən xəbərə görə, K.Donfrid Bakıda olarkən (iyunun 15-də və 16-da) Prezident İlham Əliyev, digər hökumət məmurları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

Səfirliyin açıqlamasına görə, o, Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunmasına dair diplomatik səylərə ABŞ-ın dəstəyini bildirəcək: "Avropanın enerji təhlükəsizliyinə dəstəyini, transmilli təhlükələrə qarşı mübarizəni, fundamental azadlıqların dəstəklənməsi, ikitərəfli ticarətin və investisiyaların təşviqi sahəsindəki tərəfdaşlığı vurğulayacaq".

İyunun 17-də Dövlət katibinin köməkçisi K.Donfrid Tbilisiyə gedəcək, Prezident Salome Zurabişvilinin təşkil etdiyi Tbilisi Beynəlxalq Qadın Konfransında nitq söyləyəcək.

K.Donfrid həmçinin, Tbilisidə Baş nazir İrakli Qaribaşvili və digər hökumət rəsmiləri, müxalifət nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşərək: "Kremlin Ukraynaya qarşı əsassız müharibəsini, Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə ABŞ-ın davamlı dəstəyini müzakirə edəcək".

Dövlət katibinin köməkçisi daha sonra iyunun 18-də Ermənistanın paytaxtı Yerevana səyahət edəcək, Baş nazir Nikol Paşinyan və digər hökumət rəsmiləri ilə görüşəcək: "Dövlət katibinin köməkçisi ABŞ-ın Ermənistan və Azərbaycan arasında davamlı sülhə doğru diplomatik səylərə dəstəyini ifadə edəcək".