İslam Karimov hakimiyyətdə boşluq qoyub getdi

Karimovun qızları - Gülnara və Lola

►Hiyləgər siyasətçi olan Karimov ictimai referendumlar, siyasi müxalifətin məhvi və tənqidi medianın ləğvi yolu ilə hakimiyyəti öz əlində cəmləşdirməyi, potensial rəqiblərini və xalqı isə siyasətdən uzaq tutmağı bacarmışdı

Özbəkistan prezidenti Islam Karimovun öldüyünü sentyabrın 2-də yerli rəsmilər təsdiqlədilər.

Bir neçə gün öncə 78 yaşlı prezidentin beyninə qan sızmış, onun xəstəxanaya yerləşdirildiyi elan olunmuşdu.

Islam Karimov 25 il ərzində qəddar təhlükəsizlik aparatı, Rusiya və Qərb arasında tarazlıq yaratmaqla, habelə prezident səlahiyyətlərini davamlı genişləndirməklə hakimiyyəti əlində saxlayıb.

Onun prezidentliyi siyasi müxalifətin sistemli məhvi, ölkənin pambıq tarlalarında məcburi əmək, hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinin işgəncə metodları ilə yadda qalıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

İslam Karimov öldü



“YEKUN SÖZ MƏNİM OLACAQ”

Karimovun ölümü SSRİ-inin dağılmasından sonra yalnız bir nəfərin hakimiyyətdə olduğu bu ölkədə kimin prezidentlik postuna gələcəyi barədə qeyri-müəyyənliyə səbəb olub.

1938-ci ildə qədim İpək Yolunun üzərində yerləşən Səmərqənd şəhərində doğulmuş Karimov ixtisasca iqtisadçıdır. O, 1989-cu ildə Özbəkistan SSR Kommunist Partiyasının birinci katibi seçilib.

Artıq 1990-cı ildə Karimov Özbəkistan siyasətinin növbəti on illər ərzindəki gedişatı ilə bağlı baxışını ortaya qoyub.

"Siz sabah məni prezident seçsəniz, onda mənə parlamenti buraxmaq hüququ da lazımdır. O halda yekun söz mənim olacaq," o deyib.

1991-ci il avqustun 31-də, SSRİ-nin qürubuna çox az qalmış, Karimov Özbəkistanın müstəqilliyini elan etdi. Bunun ardınca o, ölkənin ilk prezident seçkisində qalib gəldi.

Buna da bax: Özbəkistan prezidentinin qızları arasında müharibə davam edir

"HİYLƏGƏR SİYASƏTÇİ"

Karimovun 90%-dən yuxarı nəticə ilə "qalib gəldiyi" bundan sonrakı prezident seçkilərinin heç biri Qərb tərəfindən azad və ədalətli səsvermə kimi tanınmayıb. Ölkə Konstitusiyası bir nəfərin iki dəfədən artıq seçilməsini qadağan edir, amma Karimov düz 4 dəfə prezident seçilib.

Hiyləgər siyasətçi olan Karimov bundan başqa ictimai referendumlar, siyasi müxalifətin məhvi və tənqidi medianın ləğvi yolu ilə hakimiyyəti öz əlində cəmləşdirməyi, potensial rəqiblərini və xalqı isə siyasətdən uzaq tutmağı bacarıb.

ABŞ Dövlət Departamenti apreldə illik hesabatında qeyd edir ki, Özbəkistanda "prezident Islam Karimovun başçılıq etdiyi icraedici hakimiyyət siyasi həyatda dominantlıq edir və hakimiyyətin digər qanadları üzərində, demək olar ki, tam nəzarəti həyata keçirir".

Özbəkistanın ədliyyə sistemi saxlanılan şəxslərə qarşı işgəncəni gündəlik praktikaya çevirdiyindən beynəlxalq müşahidəçilərin çoxsaylı tənqidlərinə məruz qalıb.

Buna da bax: Karimov-dan sonra Özbəkistanı nə gözləyir?

"QƏDDAR TƏMİZLƏMƏ"

Əndicanda iğtişaşlar, 2005

2007-ci ildə "Human Rights Watch" (HRW) "Dalan: Özbəkistanda işgəncə və pis rəftar" başlıqlı hesabat dərc etdirmişdi.

Bir çoxları Karimovu silahlı islamçılıq təhlükəsindən yararlanaq qəddar təhlükəsizlik tədbirləri görməkdə ittiham edirlər. 1999 və 2004-cü ildəki bomba partlayışlarından və Özbəkistan İslam Hərəkatının (ÖİH) 1999 və 2000-ci illərdə törətdiyi hücumlarından sonra qəddar təmizləmə həyata keçirilmişdi.

1990-cı illərin sonlarında parlament üzvlərini radikal islamçılarla yumşaq davranmaqda ittiham edən Karimov onlara belə demişdi: "Əgər sizin bunu etməyə iradəniz yoxdursa, mənə silah verin, özüm onları başlarından vuraram".

Karimov Özbəkistanın coğrafi mövqeyindən məharətlə faydalanaraq Vaşinqtonla əlaqələr qura bildi. 11 sentyabr hücumlarından sonra o, ABŞ-ın Əfqanıstanda hərbi əməliyyatlarına logistik dəstək təklif etdi.


VAŞİNQTONA İTTİHAM

İnsan hüquqları fəalları ABŞ-ı bunun müqabilində ölkədəki hüquq pozuntularına göz yummaqda suçlayır. Ancaq Vaşinqton bu ittihamları rədd edir.

2005-ci ilin mayında ölkənin şərqində yerləşən Əndican şəhərində böyük etiraz aksiyaları özbək təhlükəsizlik qüvvələri tərəfindən qəddarcasına yatırıldı. Yüzlərlə insanın öldürüldüyü bildirilir.

Karimov beynəlxalq araşdırmaçıların ölkəyə gəlməsinə imkan vermədi və həmin hadisələrdə xaricdə təlim almış silahlı islamçıları günahlandırmaqda davam etdi.

Karimov dönəmində Orta Asiyada ən böyük əhalisi, çoxlu neft və qaz resursları olan Özbəkistan regionun lideri olmağa can atdı. Bəzən hətta qonşuları ilə sərhəd mübahisələri, özəlliklə də su resursları ilə bağlı problemlər yaşayırdı.

Buna da bax: İslam Karimov yoxdur, tədbirlərə Shavkat Mirziyayev rəhbərlik edir

QAZ İXRACI

Daşkənd Özbəkistanın sərhədlərini bağlamaqdan ötrü dəfələrlə İslam ekstremizmi bəhanəsindən istifadə edib. Bu isə həm Özbəkistanda, həm də müxtəlif xalqların yaşadığı Fərqanə vadisində sakinlərin həyatına çətinliklər yaradıb.

Özbəkistanın qaz ixracatı Karimova ölkənin kasıb qonşuları Qırğızıstan və Tacikistana təsir rıçaqları verib. Qaz ödənişləri gecikəndə mübahisələr baş verib.

Qonşu dövlətlər Karimovun təhlükəsizlik qüvvələrini onların ərazilərinə hücumlar təşkil etməkdə və axtarışda olanları tutmaqdan ötrü sərhədləri keçməkdə günahlandırırlar.

Özbəkistanda insan hüquqlarının bərbad durumuna baxmayaraq, ölkənin coğrafi mövqeyi və enerji resursları həm Rusiyanı, həm də Qərbi onunla yaxın münasibətlər qurmağa həvəsləndirib.

Buna da bax: Məzaradək hakimiyyətdə- Azərbaycanda, Özbəkistanda, Koreyada...​

TƏLATÜMLƏRDƏN UZAQ

Ancaq Karimovun siyasəti zaman-zaman Rusiya, ABŞ, Avropa Birliyi və beynəlxalq maliyyə institutları ilə münasibətləri gərginləşdirib.

1990-cı illərdə Tacikistanda vətəndaş müharibəsi, Qırğızıstan və Qazaxıstanda isə etiraz dalğaları və prezidentlərlə parlament arasında gərginlik yaşanırdı. Orta Asiyanın yeni müstəqil dövlətləri həyatda qalmaqdan ötrü beynəlxalq yardımlara möhtac idi.

Ancaq Özbəkistan həm böyük çaxnaşmalardan uzaq qala, həm də öz xalqını əsas məhsullar və xidmətlərlə təmin edə bildi. Bura elektrik enerjisi və təbii qaz da daxildir.

Amma müşahidəçilərin fikrincə, amansız repressiyalar və yoxsul yaşayış standartları zorakı müqavimətə münbit şərait hazırlayıb.

Buna da bax: Karimovun xalqa müraciəti yayılıb

QIZLARINA FAYDASI

Özbəkistan iqtisadi islahatlar aparmadığına, azğınlaşmış korrupsiya və nepotizmə görə də tənqid edilib. Bundan başqa, pambıq tarlalarında insan əməyinin məcburi istismarı da beynəlxalq hüquq müdafiəçilərinin davamlı tənqidi ilə üzləşib.

Gülnarə Kərimova



Karimovun iki qızı, Gulnara və Lola atalarının qurduğu sistemdən çox faydalanıblar. 2011-ci ildə Karimova bacıları İsveçrənin "Bilan" biznes jurnalı tərəfindən ölkənin 300 ən zəngin sakini siyahısına daxil edilmişdi.

Karimovun böyük qızı Gulnara Karimova vaxtilə atasının potensial varisi kimi görülürdü. Ancaq biznes sahibi olan Gulnara 2014-cü ildən bəri ictimaiyyət arasına çıxmayıb. Onun beynəlxalq korrupsiya qalmaqalı ilə bağlı Özbəkistanda ev dustağı olduğu bildirilir.

Buna da bax: Özbəkistanda bayram konserti təxirə salınıb

QIZI ATASINDAN YAZIR

Avqustun 28-də Özbəkistan hökumətinin Karimovun səhhətinə dair gözlənilməz bəyanatından bir gün sonra onun kiçik qızı Lola Tillyaeva-Karimova sosial media vasitəsilə dünyaya müraciət edərək atasının durumundan yazdı.

"Hazırda onun səhhətinin gələcəyi barədə hər hansı proqnoz verməyə çox tezdir”, Tillyaeva-Karimova öz Instagram səhifəsində yazıb. (https://www.instagram.com/p/BJr9hWzATzB/?taken-by=lola_tillyaeva&hl=en)

O, rus, özbək və ingilis dillərində yazdığı bu postda atasının avqustun 28-də xəstəxanaya yerləşdirildiyi və "vəziyyətinin sabit hesab edildiyini" də qeyd edib.

Özbəkistanın UNESCO-dakı səfiri olan Tillyaeva-Karimova xalqa müraciət edərək "spekulyasiyalardan uzaq durmağa" və ailəsinin özəl həyatına sayqı göstərməyə çağırıb.

Kərimovların ailəvi şəkli