Senat Trump-ın Ali Məhkəmə hakimliyinə nominasiyasına səs verəcək

Prezident Donald Trump (sağda) və onun Ali Məhkəmə hakimliyinə namizədi Brett Kavanaugh

ABŞ Senatı prezident Donald Trump-ın Ali Məhkəmə hakimliyinə namizədi Brett Kavanaugh-nın nominasiyasını səsə qoymaq qərarına gəlib. Səsvermənin həftəsonu olacağı gözlənilir.

Senat oktyabrın 5-də 51-49 nisbəti ilə Kavanaugh-nın ömürlük Ali Məhkəmə hakimliyinə namizədliyini səsə qoymaq qərarı qəbul edib.

Yekun səsverməsinin oktyabrın 6-da olacağı gözlənilir.

Kavanaugh-nın namizədliyinin təsdiq edilməsi Ali Məhkəmədəki qüvvələr nisbətini 5-4 olaraq respublikaçıların xeyrinə dəyişəcək.

Respublikaçılar Senatda 51-49 çoxluğuna malikdirlər və demokratlar ən azı iki respublikaçı senatorun Kavanaugh-nın namizədliyi əleyhinə səs verəcəyinə ümid edirlər. Lakin bunun üçün bütün demokrat senatorların Kavanaugh-nın əleyhinə səs verməsi zəruridir.

Respublikaçılar hesab edirlər ki, Kavanaugh-ya qarşı cinsi nalayiq hərəkət iddiasının FTB tərəfindən araşdırılması və bunun nəticələri Trump-ın namizədinin yekun səsverməsinə yolunu açır.

Demokratlar bildirirlər ki, Kavanaugh özünün partiya bağlılığına, habelə ona qarşı cinsi nalayiq hərəkət iddilarına görə Ali Məhkəmənin hakimi olmağa layiq deyil.

Trump Kavanaugh-nın namizədliyini müdafiə edərək deyib ki, onu ittiham edən etirazçıların pulu liberal investor George Soros tərəfindən ödənilib.