'18 yaşa qədər uşaqpulların verilməsi bərpa edilsin'

Nazim Bəydəmirli

Bu günlər Milli Məclisin 2019-cu il üzrə dövlət büdcəsi müzakirə edilərkən Azərbaycanda uşaqpullarının verilməsi gündəmə gəlib. Müzakirələr zamanı yeni doğulan uşaqlara təyin edilən birdəfəlik müavinətin həcminin artırılmasının nəzərdə tutulduğunu bildirən ​Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli həm də uşaqlara 3 yaşına qədər uşaqpulu verilməsi barədə təklif də səsləndirib:

“Hətta bununla bağlı yeni qanun da hazırlana bilər”, deyə o vurğulayıb.

Bu mövzu ilə bağlı Azadlıq Radiosuna danışan iqtisadçı, keçmiş deputat Əli Əlirzayev vurğulayıb ki, Azərbaycanda təbii artım azalır, ölənlərin sayı doğulanların sayına yaxınlaşır:

“İqtisadi sıxıntı çoxuşaqlıqdan imtinayla nəticələnir. ”

“Vaxt vardı ki, hər min nəfərə 30 nəfər doğulurdusa, indi 10 nəfər doğulur, 3 dəfə azalıb. Demoqrafik tarazlığı saxlamaq üçün müəyyən stimul yaratmaq lazımdır, Azərbaycanda çoxuşaqlı ənənəsi olub və buna meyl var. Amma iqtisadi sıxıntı çoxuşaqlıqdan imtinayla nəticələnir. Çünki, çox uşağı saxlamaq olmur. İndi 1-2 uşağı saxlayanda nə qədər əziyyət çəkirsən. Ona görə dövlət hər doğulan uşağa vəsait verməlidir. Ailə var ki, valideynlərin biri, ya ikisi də işləmir, yaxud az maaş alırlar. Burda birdəfəlik yardımdan əlavə müəyyən yaşa qədər, 10 və 18 yaşa qədər aylıq ödəniş verə bilər. Sovet vaxtında belə ailələr olub, qəhrəman ana, başqa güzəştlər və sairə. Mən çoxuşaqlı ailədə böyümüşəm”.

Əli Əlirzayev

​Uşaqların sosial təminatına gəlincə, Əli Əlirzayev düşünür ki, dövlət çoxuşaqlığa meyli gücləndirməlidir:

“ Burda ailəyə dəstək verilməlidir. Bilirsiniz, həyat səviyyəsi doğumun səviyyəsinə təsir edir. Ailə uşağı saxlaya bilmirsə, bundan imtina edir. Bu baxımdan dövlət uşaqların qayğısını öz üzərinə götürməlidir. Dövlətin Ehtiyat Fondu var, yardım verə bilər, elə uşaqların sayının artması ən böyük ehtiyat deməkdir. İnsanların sayının artması məhsuldar qüvvədir, çoxuşaqlı ailələrdən alim də çıxa bilər. Bunlar dövlət üçün əlavə xərclə bərabər ehtiyat qüvvəsidir. Hələ bu problemin həllinin optimal variantı olmadığından uşaqların təminatının yaxşı olduğunu demək olmaz. Bəli, Rusiyada doğulan uşaqlara birdəfəlik müavinətlə bərabər aylıq ödəniş də verilir. Bunları öyrənib ailələri çoxuşaqlığa meylləndirən qərar qəbul etmək olar”

Başqa bir iqtisadçı, keçmiş deputat Nazim Bəydəmirli isə bildirib ki, hökumət 18 yaşına qədər uşaqlara olan müavinətin ləğvini ölkədə demoqrafik problemin olmadığı ilə əlaqələndirib:

Almaniyada uşaqlara verilən aylıq ödənişlər

arxif foto

“Hətta bunun belə olmasını ehtimal etmiş olsaq da, o zaman sual yaranır. Başqa ölkələrə nisbətən doğum zamanı verilən birdəfəlik müavinət niyə müqayisə olunmaz dərəcədə aşağıdır? Hətta bəzi MDB ölkələri də bu məsələdə Azərbaycandan öndədir. Elə ölkələr də var ki, aylıq uşaqpulları ilbəil dəyişir. Götürək Almaniyanı. Almaniyada 2017-ci ildə 1 və 2-ci uşağa ayda 192 avro olubsa indi hər uşağa verilən məbləğ 194 avrodur. Almaniyada uşaqpulu uşaqların sayına uyğun olaraq artır. Misal üçün, ailədə iki uşaq varsa onların hər birinə ayda 194 avro müavinət verilir. Uşaqların sayı 3-dürsə onda hər uşağa 200 avro, 4 uşağın hər birinə isə ayda 225 avro uşaqpulu verilir. Bu məbləğin verilməsi ailələrin maddi vəziyyəti ilə əlaqələndirilmir və həmin məbləğ bütün uşaqlara verilir. 2019-cu il yanvarın 1-dən Almaniyada bu məbləğ 2 uşağa görə-hər uşağa 200, 3 uşaq üçün 210, 4 və 4-dən yuxarı uşağa görə isə 235 avro veriləcək”

Nazim Bəydəmirli hesab edir ki, müavinət məsələsini təkcə demoqrafik problemlərlə, təbii artımla əlaqələndirmək doğru deyil:

“ Qərb ölkələrində uşaqlara 18, bəzən də 25 yaşa qədər müavinət ona görə verilir ki, dövlət vətəndaşların hərtərəfli sağlam və normal böyüməsi üçün maddi məsuliyyəti valideynlərlə yanaşı üzərinə götürür. Yəni dövlət maddi yardım edir ki, vətəndaş özünün formalaşmasında dövlətın ona sahib çıxdığını, necə deyərlər atalıq münasibətini görsün. Dövlət də başa düşür ki, ailələrə bu müavinəti verməklə, onları iqtisadiyyata yenidən qazandırmış olur. Valideynlər isə bilirlər ki, dövlətin gələcək nəsilə sahib çıxması sözdə deyil əməldədir”

Keçmiş deputat hesab edir ki, Azərbaycanda uşaqların 18 yaşına qədər hər ay müavinətlə təmin olunmasını bərpa etmək lazımdır.

Xatırlatma

Azərbaycanda yeni doğulan uşaqlara 90 manat civarında birdəfəlik müavinət verilir.

Amma hələ sovetlər dönəmindən mövcud olan 18 yaşa qədər hər ay uşaqpulunun verilməsi praktikası ünvanlı sosial yardımın tətbiqinə başlandıqdan sonra (2006-cı il iyulun 1-dən) dayandırılıb. Üstəlik, son illər ünvanlı sosial yardım alanların da sayında azalma var.