Kəlbəcərdə itkin düşən zabitin nəşi tapılıb

Azərbaycan Müdafiə Nazirliyi

Bir neçə gün öncə, Kəlbəcər rayonunda itkin düşən Azərbaycan zabitinin nəşinin bu gün, yanvarın 31-də tapıldığı bildirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycan ordusunun bölmələrinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə axtarış-xilasetmə tədbirləri nəticəsində itkin düşən baş leytenant Fuad Bağırovun nəşi yanvarın 31-i saat 12:30 radələrində tapılaraq ərazidən təxliyə edilib.

Məlumata, hələlik, zabitin yaxınlarından münasibət almaq mümkün olmayıb.

Kəlbəcərdə itkin düşən 4 hərbçidən üçü tapılıb...

Kəlbəcər istiqamətində azaraq itkin düşən 4 Azərbaycan hərbçisindən 3-ü tapılıb, bir hərbçinin axtarışları isə davam etdirilir. Bu barədə yanvarın 29-da Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd nəfər hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb".

Məlumatda hərbçilərin dərhal axtarışına başlanıldığı bildirilir.

"Keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C.Hüseynov, əsgər M.Hüseynov və əsgər Y.Kərimov tapılıb. Onlar Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb.
Baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir"- Nazirliyin məlumatında bildirilir.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. İmzalanan müqaviləyə əsasən Ermənistan silahlı birləşmələri noyabrın 20-də Ağdam, beş gün sonra Kəlbəcər rayonundan çıxarılıb.

Həmin dövrdən bəri Azərbaycan-və Ermənistanın sərhədlərinin Kəlbəcər rayonu istiqamətində tez-tez atəşkəs pozulub, hər iki tərəfdən itki və yaralılar olub.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.