ABŞ-ın BMT-dəki səfiri vəzifəsinə Kelly Craft nominasiya ediləcək

Kelly Craft

ABŞ prezidenti Donald Trump deyib ki, Vaşinqtonun Kanadadakı səfiri xanım Kelly Craft-ı Birləşmiş Ştatların BMT-dəki nümayəndəsi postuna nominasiya edəcək.

O bu barədə fevralın 22-də özünün Twitter hesabında yazıb:

“Kelly ölkəmizi təmsil etmək vəzifəsində diqqətəlayiq işlər görüb və mənim şübhəm yoxdur ki, onun rəhbərliyi altında ölkəmiz yüksək səviyyədə təmsil olunacaqdır. Kelly-ni və onun bütün ailə üzvlərini təbrik edirəm!”

Kelly-nin ABŞ-ın BMT-dəki nümayəndəsi vəzifəsinə namizəd olacağına dair xəbərlər bir qədər əvvəl yayılmışdı.

Senat çoxluğunun lideri, nüfuzlu millət vəkili Mitch McConnell fevralın 21-də demişdi ki, o doğma ştatı Kentukkidən olan Craft-ın namizədliyini dəstəkləyəcək.

Bu nominasiyanı dövlət katibi Mike Pompeo və milli təhlükəsizlik müşaviri John Bolton da dəstəkləyirlər.

Xanım Craft kömür milyarderi Joe Craft-ın arvadıdır. Onların hər ikisi Trump-ın 2016-cı il prezident seçkisi kampaniyasını dəstəkləyib. Ər-arvad habelə Respublikaçılar Partiyasının əsas donorlarındandırlar.

Craft 2007-ci ildə ovaxtkı prezident George W. Bush tərəfindən BMT Baş Assambleyasına müvəkkil təyin olunmuşdu.

Əgər namizədliyi təsdiq olunarsa Kelly Craft bu postda vəzifəsini ötən ilin sonunda tərk etmiş Nikki Haley-ni əvəz edəcək.

Trump-ın BMT səfiri vəzifəsinə ilkin namizədi olan xanım Heather Nauert ötən həftəsonu özünün dediyinə görə ailə vəziyyəti ilə bağlı bu təklifdən imtina edib. Nauert Dövlət Departamentinin sözçüsüdür.

Demokratlar Nauert-in diplomatik təcrübəyə malik olmamasından gileyli idilər.