Son günlər yağış və dolunun Azərbaycanın bir sıra rayonlarında əkin sahələrinə ciddi ziyan vurduğu deyilir. Xüsusilə Qərb regionunda fermerlərin tərəvəz məhsullarına aid sahələrinə ciddi ziyan dəydiyi ilə bağlı şikayətlər var. Amma bir çox fermerlər əkin sahələrini sığortalamadıqlarını etiraf edirlər.
Goranboy rayonunun Gürzallar kəndinin sakinləri mövzu ilə bağlı AzadlıqRadiosuna açıqlamalarında sahələrini sığorta etməmələrini bürokratik amillərlə izah etməyə çalışıblar. "Çünki çoxlu sənəd lazımdır. Bir hadisə baş verərsə, bizə ödənişin olacağına inanmırdıq heç", - adının çəkilməsini istəməyən bir kənd sakini deyib.
Sakinlərin sözlərinə görə, məhsulları anbarlarda da ziyan çəkib. "Ən çox kartof xarab olub. Bəs bu ziyanı nə edək?", - onlardan biri sual edib.
Kənd sakinləri dəymiş ziyanın həcmini hələ hesablaya bilməmələrindən də gileylənirlər. "Mənim təsərrüfatım yolun o biri tərəfindədir. Sel yolu yuyub aparıb və biz ora keçə bilmirik".
Sizin brauzer HTML5-i dəstəkləmir
"Aqrar Sığorta Fondu araşdırmağa başlayıb"
Məsələ ilə bağlı rayon rəhbərliyi ilə danışmaq mümkün olmayıb. Amma Kənd Təsərrüfatı Nazirliyindən "Turan"a bildirilib ki, təbii fəlakət yaşanan ərazilərdə sahələrini sığortalamış fermerlərə dəymiş zərər ödəniləcək: "Aqrar Sığorta Fondunun əməkdaşları rayonlarda sığortalanmış meyvə bağlarına, əkin sahələrinə zərər dəyməsi ilə bağlı fermerlərin müraciətlərini araşdırmağa başlayıblar. Əkin sahələrini, təsərrüfatlarını sığorta etmiş fermer və sahibkarların müraciətləri qeydə alınır. Müstəqil aqrar sığorta ekspertlərinin iştirakı ilə araşdırılır".
Nazirlikdən əlavə edilib ki, dünən, mayın 1-dən etibarən ekspertlər sığorta hadisəsi baş vermiş ərazilərə baxış keçirməyə başlayıblar: "Ekspertlər hadisəni və onun nəticələrini qeydə alır, ilkin olaraq dəyən zərəri hesablayırlar. Araşdırmalar başa çatdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta hadisələri üzrə ödənişlər həyata keçiriləcək".
Sizin brauzer HTML5-i dəstəkləmir
Sığorta ödənişi dörd dəfə artıb
Aqrar Sığorta Fondundan da "Turan"a bildirilib ki, qeyri-sabit hava şəraitinin təsərrüfatlara vurduğu zərərlə bağlı onlara, hələlik, 92 müraciət daxil olub: "Sığortalanmış təsərrüfatlara dəymiş zərər müəyyən olunduqdan sonra fermerlərə sığorta müqaviləsi əsasında ödənişlərə başlanacaq".
Fonddan vurğulanıb ki, ötən il bitkiçilik və heyvandarlıq sığortası üzrə fermerlərə 2.39 milyon manat sığorta ödənişi həyata keçirilib: "Bu, 2021-ci ilin göstəricisini 3.9 dəfədən çox üstələyir. Ötən il ərzində ödənilən məbləğin 70.3 faizi bitkiçilik, 29.7 faizi isə heyvandarlıq üzrə sığorta ödənişinin payına düşüb. 2022-ci ildə 249 min 946 hektar ərazi və 13 min 102 baş heyvan sığortalanıb. Zərər dəyən ərazi 27 min 912 hektar, tələf olan heyvan sayı isə 418 baş təşkil edib".
Sizin brauzer HTML5-i dəstəkləmir
"Quraqlıqla bağlı sığorta müqavilələri bağlanılmır"
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmli isə AzadlıqRadiosuna bildirib ki, sığorta məsələsi uzun illərdir Azərbaycanda öz həllini tapmır: "İndi intensiv yağışlar yağıb, sel suları əmələ gəlib və kəndlilərin təsərrüfatına ziyan dəyib. Bu quraqlıqdan əziyyət çəkən fermerlərin sayı ilə müqayisədə çox cüzidir. Amma quraqlıqla bağlı sığorta müqavilələri bağlanılmır".
Ekspertin sözlərinə görə, kiçik fermerlər təsərrüfatlarını sığortalamaqda maraqlı deyillər: "Hər il dolu düşür, sel suları əmələ gəlir. Amma fermerlər əksər halda sığorta hadisənin baş verdiyini əsaslandıra bilmirlər… Fermerlərin sığorta şirkətlərinə etibarı yoxdur. Çox az sayda – 3-4 faiz xırda fermer öz təsərrüfatlarını sığortalayırlar".
O vurğulayıb ki, əsasən iri fermer təsərrüfatları, oliqarx məmurlara məxsus şirkətlər öz təsərrüfatlarını sığortalayırlar.