Speysi cinsi qısnama iddialarından sonra ilk filmə çəkiləcək

Kevin Speysi

Aktyor Kevin Speysi dörd il bundan əvvəl cinsi qısnamada suçlanmasından sonra ilk dəfə yeni bir filmdə çəkiləcək. "ABC News"un məlumatında deyilir ki, Franko Neronun "Tanrının rəsmini çəkən adam" adlı filminin çəkilişləri İtaliyada olacaq.

Filmdə Neronun həyat yoldaşı Vanessa Redqreyvin də əsas rollardan birini oynayacağı deyilirdi. Ancaq bir neçə gün bundan əvvəl Redqreyv filmdə rol almayacağını deyib. Redqreyv "Culiya" filmindəki roluna görə "Oskar", "Bu divarlar danışa bilsəydi -2" filmindəki ifasına görə "Emmy" mükafatına layiq görülüb. Redqreyvin son rolu BBC-nin populyar "Mamanı çağırın" serialında olub. Daha doğrusu, bu serialdakı kadrarxası səs ona məxsusdur.

Nero baş rolu oynayacaq

Filmin prodüseri Luis Nero "Variety" saytına açıqlamasında Speysinin bu filmdə oynayacağı polis detektivi rolunun böyük olmayacağını bildirib. Filmin rejissoru Franko Nero isə eyni zamanda baş qəhrəmanı canlandıracaq.

"Mən Kevinin filmində iştiraka razılıq verdiyinə çox sevinirəm. Mən onu gözəl aktyor sayıram və film [üzərində işə] başlamağımızı səbirsizliklə gözləyirəm", –Nero "ABC News"a bildirib.

Speysinin isə rolla bağlı hər hansı açıqlama vermədiyi deyilir.

İki dəfə "Oskar" mükafatına layiq görülmüş aktyor son illərdə bir neçə cinsi qısnama ittihamı və məhkəmə şikayətləri ilə üzləşməli olub.

Cinsi qısnama iddiaları

2017-ci ilin sonunda azı 20 gənc kişi Speysini 1995-2013-cü illər arasında Londonun "Old Vic" teatrında onlara qarşı nalayiq hərəkətlər etməkdə suçlamışdı. Bundan sonra aktyor "Netflix"in "Kartların evi" serialı ilə vidalaşmalı olmuşdu. "ABC News" "The Associated Press" agentliyinə istinadən yazır ki, müstəntiqlər, hələlik, həmin şikayətlərlə bağlı Speysiyə qarşı cinayət məsuliyyəti tələb edib-etməyəcəkləri haqda heç bir şey deməyiblər.

2018-ci ildə Speysi 2016-cı ilin yayında Massaçusetsin Nantaket adasında bir yeniyetmə oğlana cinsi zəmində nalayiq hərəkətlər etməkdə ittiham olunmuşdu. Ancaq o, günahsız elan edilmiş, daha sonra isə ittihama xitam verilmişdi. Hücumun qurbanı olduğunu iddia edən şəxs aktyora qarşı mülki məhkəmə şikayətini geri götürmüşdü.

Los-Anceles əyalət prokurorluğu Speysiyə qarşı iki fərqli cinsi qısnama ittihamı ilə bağlı şikayətləri rədd edib. Bu işlərin birində şikayət çox gec təqdim edilmiş, digərində isə hadisə ilə bağlı adı hallanan masajçı vəfat etmişdi.

Anonim iddia

Ötən il bir anonim şəxs Nyu-Yorkda Speysiyə qarşı məhkəmə işi açdırıb. O, aktyoru 1980-ci ildə ona cinsi zəmində hücum etməkdə günahlandırıb. Həmin şəxs hadisə baş verən zaman 14 yaşı olduğunu iddia edib. Bu ayın əvvəlində isə hakim həmin şəxsin məhkəmə işini anonim qaydada davam etdirə bilməyəcəyi haqda hökm çıxarıb.

Speysi sonuncu dəfə 2018-ci ildə "Milyarderlər klubu" filmində böyük ekranda görünüb. Filmin açılış həftəsi ərzində bir neçə ştatda son dərəcə az kassa gəliri toplayaraq "rekord" qırdığı bildirilir. Film 11 kinoteatrda cəmi 618 dollar toplaya bilib.

Son üç ildə Speysi ictimaiyyət qarşısına çıxmayıb. O, yalnız Twitter-də Milad bayramı ərəfəsində mesajlar paylaşmaqla kifayətlənib. 2019-cu ildə o, "Kartların evi" serialının personajı görkəmində görünərək fanatlarına "insanları mərhəmətlə öldürməli" olduqlarını deyib. Ötən ilsə əziyyət çəkən insanlara təsəlli verərək "siz tək deyilsiniz" deyib.