Keçmiş başçının həbs müddəti uzadılıb

M.Quliyev

Biləsuvar rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyevin barəsində olan həbs-qətimkan tədbiri uzadılıb.

Səbail rayon Məhkəməsində hakim Şəhla Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmə qərarına əsasən, M.Quliyevin həbs müddəti daha 3 ay artırılıb.

Bu il aprelin 30-da Biləsuvar rayon İcra Hakimiyyəti başçısı (artıq keçmiş) M.Quliyev barəsində Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatı əsasında həbs-qətimkan tədbiri seçilmişdi. Ona Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Son bir ildə Azərbaycanın bir neçə icra başçısı oxşar ittihamla həbs edilib. Onlar həbslərindən apellyasiya şikayəti versələr də, qəbul edilməyib.