Keçmiş nazir müavinin həbs müddəti uzadılıb

Mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov və nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun həbs müddəti uzadılıb.

Bu barədə Səbail Rayon Məhkəməsindən məlumat verilib.

Məlumata görə, dekabrın 3-də Rafiq Bayramov və Zakir Sultanov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Buna da bax: Nazir müavininin nədə günahlandırıldığı açıqlanıb

Məhkəmənin təqdimatı təmin edərək hər iki şəxsin həbs müddətinin 3 ay uzadılması ilə bağlı qərar verdiyi bildirilir.

Onlar bu ilin mayında həbs olunublar və tutduqları vəzifədən azad ediliblər.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov da vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəməyə görə Cinayət Məcəlləsinin uygun maddələri ilə istintaqa cəlb edilib.

Bu ittihamlara, hələlik, onlardan və vəkillərindən ayrılıqda münasibət almaq mümkün olmayıb.