Keçmiş səfirin pensiya davası

R.Rizayev

Ramiz Rizayev səfir işləyərkən xəbəri olmadan başqa vəzifəyə təyin edildiyini, bu vəzifədə də sadəcə, adı getdiyini deyir.

1993-2005-ci illərdə Azərbaycanın Rusiyada səfiri olmuş Ramiz Rizayev bir ildir ki, pensiyaya görə məhkəmələrə gedib-gəlir. Ona kəsilmiş pensiyanın məbləği keçmiş səfiri qane etmir və artırılmasını tələb edir.

R.Rizayevə 257 manat pensiya təyin edilib. Dövlət Sosial Müdafiə Fondu bu məbləği müəyyənləşdirəndə onun səfir vəzifəsində işləyəndə aldığı əməkhaqqını yox, Xarici İşlər Nazirliyində şöbə müdirinin müavini kimi aldığı maaşı əsas götürüb. Bu vəzifədə onun maaşı 173 manat olub. Səfir kimi isə aylıq 4500 dollar əməkhaqqı alırmış. Bunu R.Rizayev özü pensiyasının yenidən hesablanması tələbiylə məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərib.

Məhkəmədən öncə Dövlət Sosial Müdafiə Fondunun Yasamal şöbəsi ilə mübahisələrdə R.Rizayevə bildirilib ki, səfir vəzifəsində işlədiyi dövrdə onun maaşından Fonda məcburi dövlət sosial sığorta ödənişləri olmayıb. Bu üzdən də həmin əməkhaqqı pensiya hesablananda nəzərə alına bilməz.

Buna da bax: Bu hakimləri 1500 manat pensiya qane etmir

Pensiyasının yenidən hesablanması tələbiylə məhkəməyə üz tutan sabiq səfir həm də yeni hesablamaya qədərki məbləğ fərqinin ödənilməsini istəyib.

R.Rizayev deyir ki, səfir və digər diplomatlar üçün müəyyən immunitet və güzəştlər nəzərdə tutulub. Ona görə də sosial sığorta ayırmaları diplomatlara şamil edilmir.

Ali Məhkəmə keçmiş səfiri haqlı sayıb

Qarşı tərəf – Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi isə məhkəməyə təqdim etdiyi etirazda göstərib ki, R.Rizayevin səfir kimi işlədiyi dövrdə aldığı məvacib nəzərə alınmaqla, pensiya hesablanması qanunvericiliyə ziddir.

Ancaq 1 saylı Bakı İnzibаti-İqtisаdi Məhkəməsi sabiq səfirin iddiasını təmin edib – Fondun Yasamal rayon şöbəsinin üzərinə R.Rizayevin səfir olarkən aldığı məvacibin nəzərə alınmaqla, pensiyasının yenidən hesablanması, yaranmış fərqin də ödənilməsi öhdəliyini qoyub.

Buna da bax: Pensiya alanlar azalır

Fond bu qərardan narazı qalıb və apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin edib – birinci instansiya məhkəməsinin sabiq səfirin xeyrinə verdiyi qərar ləğv olunub. Bu dəfə R.Rizayev apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Bugünlərdə onun şikayətinə baxılıb və apellyasiya məhkəməsinin qərarı ləğv edilib. Ali Məhkəmə qərar çıxarıb ki, pensiya səfir maaşı nəzərə alınmaqla yenidən hesablansın, aradakı məbləğ fərqi də ona ödənilsin.

R.Rizayev 1993-cü il iyulun 3-dən 2005-ci ilə qədər Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində işləyib. Ancaq o, Ali Məhkəmədə bildirib ki, Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsinə 2004-cü ildə (səfir olarkən-red.) təyin edilib, özünün də bundan xəbəri olmayıb. Təqaüdə çıxanda da həmin vəzifədə cəmi 14 ay adı gedib.