Reuters agentliyi İran rəhbərliyinə yaxın, lakin adı çəkilməyən mənbələrə istinadən bildirir ki, İranın ali rəhbəri, 80 yaşlı ayətüllah Ali Khamenei ölkədə ötən ay baş vermiş etirazlarla bağlı ciddi tədbirlərin görülməsinə göstəriş verib.
Agentlik bildirir ki, Khamenei əgər küçə etirazları dayanmazsa, vəzifəlilərin şəxsən məsuliyyət daşıyacaqlarını bildirib.
Dekabrın 23-də yayılmış geniş xəbərdə bildirilir ki, müşavirə zamanı Khamenei səsini ucaldıb və prezident Hassan Rohaninin “etirazlara imkan verməsini” kəskin tənqid edib.
Buna da bax: İranda 100-dək etiraz liderindən bəzilərinin edam oluna biləcəyi deyilir
İslam Respublikası təhlükədədir
Bu da bildirilir ki, sözü gedən müşavirə ail rəhbərin rəsmi iqamətgahında noyabrın 17-də keçirilsə də, xəbəri yalnız indi yayılıb.
Khamenei bu iclasda deyib:
"İslam Respublikası təhlükədədir. Nəyin bahasına olursa olsun bunu dayandırın. Mən bunu sizə əmr edirəm”.
Bu müşavirə keçiriləndə Tehranda və ölkənin yüzədək şəhərində kütləvi etirazlar iki gün idi ki, tüğyan edirdi.
Etirazçılara divan tutulması və repressiyaların geniş vüsət almasının da bu müşavirədən sonra baş verməsi düşünülür.
Reuters İran Daxili İşlər Nazirliyinin rəsmilərinə istinadən xəbər verir ki, noyabr etirazlarının 2 həftəsi ərzində 1500 nəfər həlak olub.
Bununla belə İran hökuməti ölü sayı ilə bağlı rəsmi məlumat verməyib.
Amnesty International insan haqları təşkilatının hesabatına görə İran etirazlarında 304 ölüm halı “sənədləşdirilib”. ABŞ Dövlət Departamenti 1000-dən artıq etirazçının öldürüldüyünü bildirib.
Rəsmi Tehran bu rəqəmləri təkzib edir.
Buna da bax: ABŞ etirazçılara görə İran rəsmilərinə sanksiyalar qoyur
“Biz onların kökünü kəsəcəyik”
İran Ali Milli Təhlükəsizlik Şurasının başçısı Alireza Zarifian Yeganeh dekabrın 23-də Reuters agentliyinin sözü gedən məlumatlarının həqiqətə uyğun olmadığını deyib.
Yeganeh bildirib ki, belə xəbərlər vəziyyətin gərginləşdirilməsinə yönəlib və “psixoloji silah” səciyyəsi daşıyır.
İran rəsmiləri etirazlara görə Birləşmiş Ştatlara, İsrailə və Səudiyyə Ərəbistanına bağlı “düşmənləri” ittiham edirlər.
İranın Press TV agentliyi bundan əvvəl 100-dək etiraz liderinin həbs olunduğunu bildirmişdi.
Reuters agentliyinin 17 noyabr müşavirəsinə dair xəbərinin mənbələri etirazlardan məqsədin “rejimi çökdürmək” olduğunu etiraf ediblər.
Reuters İslam İnqilabı Keşikçiləri Korpusunun “vəzifəli üzvünə” istinadən yazıb ki, sözü gedən müşavirədə ostandarlara (qubernatorlar) “etirazların kökünü kəsmək” əmr edilib. Mənbələrdən biri deyib:
“Heç bir mərhəmət göstərməyin. Onlar İslam Respublikasını yıxmaq istəyirlər. Amma biz onların kökünü kəsəcəyik”.