Kim Çen İn Putinlə görüşüb

Kim Çen İn və Vladimir Putin

Rusiya dövlət mediasının məlumatına görə, Rusiya və Şimali Koreya liderləri Vostoçnı kosmodromunu gəzəndən sonra danışıqlar masası arxasına keçiblər.

Rusiya Şimali Koreyaya peyk qurulmasında kömək edəcəkmi sualına Putin belə cavab verib: “Buraya ona görə gəlmişik. Şimali Koreya lideri raket texnologiyasına böyük maraq göstərir. Onlar da kosmosu kəşf etməyə çalışırlar”.

Putin hərbi əməkdaşlıqla bağlı suala “bütün məsələlər barədə tələsmədən danışacağıq. Vaxtımız var” cavabını verib.

+++

Şimali Koreya lideri Kim Çen İn (Kim Jong Un) Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Rusiyaya gedib. Onun artıq Putinlə görüşüb. ABŞ rəsmiləri isə xəbərdarlıq ediblər ki, Moskva Ukraynada apardığı müharibə üçün Pxenyandan silah-sursat istəyə bilər.

Rusiya mediası Putinin Vostoçnı kosmodromunda Kimi qarşılamasının videosunu yayıb.

Cənubi Koreyanın “Yonhap” xəbər agentliyinin məlumatına görə, Kim deyib ki, onun son dörd ildə Rusiyaya ilk səfəri strateji əhəmiyyətin göstəricisidir.

Putin hazırda Vladivostokda iqtisadi forumda iştirak edir. Kremlin sözçüsü Dmitri Peskov iki liderin forumdan sonra görüşəcəyini bildirmişdi.

Buna da bax: ABŞ Rusiya və Şimali Koreyaya araçılıq edən Mkrtıçevə sanksiyalar qoydu

Tərəflərin bir-birindən gözləntisi

Kimin təcrid olunmuş ölkəsi üçün iqtisadi və hərbi texnologiya istəyəcəyi gözlənir.

ABŞ-ın adı çəkilməyən rəsmiləri isə “The New York Times” qəzetinə deyiblər ki, Putin Ukraynanın üç aydır davam edən əkshücumunun qarşısını almağa sursat, artilleriya istəyə bilər.

Putin isə bu görüş öncəsi öz müharibəsinə inam yaratmağa çalışıb, Ukrayna qüvvələrinin rusiyalı işğalçılara qarşı irəliləyiş qazanması haqda məlumatları təkzib edib.

“Ukrayna guya əkshücum aparır. Əlbəttə ki, nəticə yoxdur”, – Putin Vladivostokda deyib.

Kimi səfərdə hakim partiyanın sursat siyasəti üzrə rəsmisi Co Çun Ryon müşayiət edir. Rusiyanın nümayəndə heyətinə isə Müdafiə naziri Sergey Şoyqu daxildir.