Özbək imam kişi ginekoloqları 'biabırçılıq' adlandırdı

Rahmatulloh Saifutdinov

Tanınmış özbək imam ölkəsində kişilərin ginekologiya sahəsində oxumasının və işləməsinin qarşısını almaq istəyir. O deyir ki, kişilərin bu tibb sahəsində çalışması «utanc mənbəyidir».

«BUNU DAYANDIRMALIYIQ»

Bu yaxınlarda Daşkəndin Yunusobod məhəlləsindəki Mirzo Yusuf məscidində moizə zamanı baş imam Rahmatulloh Saifutdinov deyib ki, «müsəlmançılıq kişi ginekoloq olmaqla qətiyyən bir araya sığmır».

«Bu biabırçılıqdır. Biz bunu dayandırmalıyıq», – imam onu dinləyənlərə deyib.

Saifutdinov qeyd edib ki, Özbəkistanda kişi mama-ginekoloqların olması praktikasını öz sovet keçmişindən bilir və «həmin vaxt kişilərin ginekoloq kimi çalışması normal qəbul olunurdu».

«Ancaq indi buna son qoymalıyıq», – deyə imam özbək valideynləri oğullarını bu sahədə təhsil almaq fikrindən daşındırmağa çağırıb.

QIZLARI HƏVƏSLƏNDİRMƏK ÜÇÜN İDİ

«Bu gündən etibarən qoy oğullarımız özlərinə kişiyə yaraşan peşələr seçsinlər, ginekologiyanı isə qadınların öhdəsinə buraxsınlar», – imam deyib.

Ancaq cəmi bir neçə gün sonra Saifutdinov sözügedən moizə zamanı dediyi sözləri geri götürüb. Hərçənd, onun bu sözləri artıq internetdə müzakirələr doğurmuşdu.

Aprelin 4-də imam AzadlıqRadiosunun özbək xidmətinə bildirib ki, onun sözləri «yanlış yozulub» və o, kişilərin, ümumiyyətlə, ginekologiya sahəsində işləməli olmadıqlarını deməyib.

«Çıxış yalnız qızları ginekologiya sahəsində təhsil almağa həvəsləndirmək üçün idi. Bu, qadınlara iş yerləri yaradılmasına çağırış idi», – deyə Saifutdinov təkid edib.

«SAVADIZLIQDIR»

Saifutdinov yetərincə populyar imamdır. O, 2011-ci ildə ölkənin dövlət dini işlər departamenti tərəfindən «İlin imamı» elan edilib. Saifutdinov həm də Daşkəndin tanınmış İmam əl-Buxari adına İslam İnstitutunun professorudur. Bundan başqa, idarə etdiyi internet sayı vasitəsilə mötədil islam dəyərlərini təbliğ edir, burada özünün çıxış və məqalələrini yayır.

İmamın çıxışına sosial medianın reaksiyası istifadəçilərin qarışıq hisslərini üzə çıxardı. Bəziləri imamın baxışlarını dəstəkləyir, digərləri isə ən vacib məsələnin həkimin cinsiyyəti yox, ana və uşağın sağlamlığı olduğunu bildirirlər.

«Biz orta əsrlərdə yaşamırıq. Qadın öz həyatı uğrunda çarpışanda onu xilas edənin kimliyini - kişi, ya qadın olmasını düşünürmü? Bu, başdan-ayağa savadsızlıqdır», – Facebook istifadəçisi Fakhriddin Rahimov yazıb.

PASİENTLƏR QƏRAR VERİRLƏR

Orta Asiyanın başqa yerlərində olduğu kimi, Özbəkistanda da həm kişi, həm də qadın həkimlər ginekologiya sahəsində çalışırlar. Ancaq bu sahədə işləyən qadınların sayı kişi həmkarlarından xeyli çoxdur.

Daşkənd Mama-Ginekologiya İnstitutunun baş mütəxəssisi Rustam Rahimjonov bildirib ki, Özbəkistanda qaydalara görə, pasientlər kişi, yaxud qadın ginekoloqun xidmətlərindən yararlanacaqları barədə qərar verə bilərlər.

«Çox zaman qadınlar həkimin qadın olmasını istəyirlər... Biz də onların xahişini yerinə yetirməkdən ötrü əlimizdən gələni edirik. Ancaq bəzi hallarda xəstənin mürəkkəb cərrahi müdaxiləyə ehtiyacı olur və cərrah kişi ola bilər», – deyə Rahimjonov qeyd edib.