Kitab oxuyan millətlər necə olur?

Son vaxtlar Qərbi Avropada yayılan bir ənənə bu suala konkret cavab vermək imkanı yaradır: bu millətlərin adamları kitabları bir-birlərinə, həm də ucadan oxuyurlar.

Jurnalist Sandra Trauner Gulf News saytında yazır ki, Almaniya boyunca hər yerdə “birgə qirəat” qrupları yaranmaqdadır.

Əslində bu ənənə bir neçə il əvvəl Britaniyada başlayıb.

Məqalədə deyilir ki, adamların birlikdə kitab oxumağa gəldikləri salonlar qələbəlik olur.

Jurnalist belə qiraətlərdən birində iştirak edib. O yazır ki, 6 qadın və 3 kişi üstündə çay və peçenye olan masada əyləşiblər. Onların əllərində bir qalaq kağız var.

Növbəti bir saat ərzində bu adamlar kitab səhifələrinin surəti çıxarılmış kağızları növbə ilə ucadan oxumağa başlayırlar. Bu ritual həftənin hər cümə axşamı saat 5-də təkrar olunur. Qiraət başa çatdıqdan sonra kitabın müzakirəsi başlanır.

Ədəbiyyata daha dərindən dalmaq

Məqalədə deyilir ki, Almaniyada “ədəbi tədbirlər” kimi tanınan bu prosesin təşkilatçısı iki ədəbiyyatçı -Thomas Boehm və Carsten Sommerfeldt-dir.

Təkcə Berlində artıq 7 belə qrup var. Daha iki qrup ingilisdillidir. İndi Frankfurt, Köln, Hamburq və başqa Almaniya şəhərlərində də belə dərnəklər yaradılır.

Başqa kitab dərnəklərində də fəal olan 50 yaşlı Biggi Maart deyir ki, bu tamamilə “yeni qiraət təcrübəsidir”.

Jane Davis İngiltərədə ilk birgə oxu klubunu yaradıb

Trauner yazır ki, bəlkə də təklikdə və sakitlikdə, həm də daha sürətlə oxumaq daha məntiqli görünə bilər, amma Frankfurt Ədəbiyyat Evində hər cümə axşamı bunun tam əksi baş verir. Bir qrup adam, kitabı bir-bir, ucadan və aramla oxuyur və bundan sonra oxuduqlarını müzakirə edir.

Ötən həftə keçirilən qiraətdə Sommerfeldt şairə Silvia Plath-dan mətn seçmışdı. Burada yanlış olaraq pis bir hərəkətə yol verməkdə günahlandırılan uşaqdan bəhs olunurdu.

Hadisələr İkinci Dünya Müharibəsi illərində baş versə də, qiraət qrupu tezliklə bu yaxınlarda Almaniyada bir uşağın qətli ilə bağlı məsələnin müzakirəsinə keçmişdi.

Sommerfeldt deyir ki, “əslində bu cür qiraət zamanı hər bir kəs özünü, öz hisslərini oxumuş olur”. Belə oxu “ədəbiyyata daha dərindən dalmaq” imkanı verir.

Qiraətin müalicəsi

Frankfurtda cümə axşamı qrupundan başqa yaşlı adamların və ruhi xəstəliyi olanların da qiraət klubu təşkil olunub.

Bu halda “birgə oxu”, həm də bir növ terapiyaya çevrilir. Britaniya alimləri icma qiraətinin sağlamlığa töhfələri haqqında çox yazırlar.

Onların fikrincə birgə oxu demensiya və ruhi xəstəliklər zamanı müsbət təsir göstərir.

BerlindəkiMax Planck İnstitutu birgə oxunun yaşlı adamların həyatına təsirini araşdırır.

Qəribə görünə bilər, amma belə oxu qruplarına Almaniyada tələb böyükdür. Ədəbiyyat Evindən Benno Hanning von Lange deyir ki, Frankfurtda hazırda gözləmə siyahısında 60 nəfər var.

20 il əvvəl İngiltərənin Liverpul şəhərində ilk birgə oxu qrupunu yaratmış qadın – Jane Davis ötən il Leypsiq Kitab Yarmarkasında maraqlı bir çıxış edib.

O deyib ki, anası alkolizmdən ölüb və onun uşaqlığı bir-birləri ilə ünsiyyətdənsə içməyə üstünlük verən insanların çevrəsində keçib.

Həmin illərin itkisini birgə qiraət qaytarıb.

Davisin fikrincə birgə qiraət insanlar arasında ünsiyyətin ən gözəl növüdür.