Kitab oxumaq sizin sevgi uğurunuzu artira və…azalda bilər

“The Independent” qəzetində Sarah Young yazır ki, adamın oxuduğu kitablar onun eşq aləminə birbaşa təsir edə bilər.

Məqalədə qeyd olunur ki, məşhur internet eHarmony tanışlıq xidməti müştərilərinin profillərində kitab oxumağı hobbilərin siyahısına əbəs yerə salmayıb.

Saytın ekspertləri bildirirlər ki, özünə ömür-gün yoldaşı axtaranlar namizədlərin siyahısındakı kitablara çox diqqətlə yanaşırlar.

Statistikaya görə kitab oxumağı özünün əyləncələrindən biri kimi göstərən kişilərə sevgi təklifləri başqalarından 19 faiz çox gəlir.

Bu da bildirilir ki, kitab oxumaq həvəskarları təbii olaraq daha ziyalı və daha məlumatlı görünürlər, bu isə uzunmüddətli münasibətlərdə mühüm amildir.

Amma internetdəki bəzi gözlənilməzliklər kimi kitab həvəskarı olmağın da düşər-düşməzi var.

Çünki adamlar sadəcə olaraq sizin kitab oxumağınızla yox, həm də hansı kitabları oxumağınızla maraqlanırlar.

Məsələn öz kitab sıyahılarına Richard Branson-un, “Lənət şeytana, gəl bunu edək” (Screw It, Let’s Do It) və ya “Bakirə kimi” (Like a Virgin) kitablarını salanlara sevgi və tanışlıq təklifləri 74 faiz çox gəlıir.

Bu mənada Branson-un kitablarının ardınca “Əjdaha tatuajlı qız” (The Girl with the Dragon Tattoo) (36%), 1984 (21%) və “Da Vinci kodu” (Da Vinci Code) (5%) gəlir.

Qadınlar da aldıqları təkliflərin sayını kitabların köməyi ilə artıra bilərlər. Bunun üçün onlar öz qiraət siyahılarına “Ac oyunlar” (Hunger Games), “Əjdaha tatuajlı qız” (31%) və “Taxtların oyunu” (A Game of Thrones) (30%) kitablarını daxil etməlidirlər.

Amma insanın sevgi aləmini viran qoyan ədəbiyyat da var. Məsələn statistika göstərib ki, müqəddəs İncili profilə salmaq həm qadın, həm də kişilərin sevgili tapmaq şanslarını məhdudlaşdırıb.

Sekslə də ağ eləmək məsləhət görülmür. Məsələn “Bozun 50 çaları” (Fifty Shades of Grey) kitabını oxumağı ilə öyünən qızların potensial aşiqlərdən aldıqları mesajlar 16 faiz azalıb.

Kişilər isə gərək Harry Potterin adını çəkməsinlər. Yoxsa onlara gələn eşq təklifləri 55 faiz azala bilər.