Ukrayna və Rusiya nümayəndələri arasında martın 14-də başlanmış danışıqlarda fasilə elan edilib.
Reutres yazır ki, bu barədə məlumatı Ukrayna tərəfi Twitter-də yayıb.
Ukraynanın baş danışıqçısı Mixaylo Podolyak yazır:
"Danışıqlarda sabahadək texniki fasilə elan edilib. Bu, işçi qruplarda əlavə iş və fərdi xarakteristikaların aydınlaşdırılması məqsədi daşıyır. Danışıqlar davam etdiriləcək”.
Ukrayna Rusiya ilə ‘çətin müzakirə’ gözləyir
Ukrayna Prezidenti Volodimir Zelenskinin aparıcı müşaviri Mixaylo Podolyak Rusiya ilə “çətin müzakirə”yə hazır olduğunu deyir.
“Danışıqların dördüncü raundu. Sülh, atəşkəs, qoşunların dərhal çıxarılması və təhlükəsizlik qarantiyaları. Çətin müzakirə gözlənir”, – Podolyak tvitində yazıb.
“Rusiyanın öz aqressiv hərəkətlərinin mənasızlığını anlamasına baxmayaraq, Ukraynanın dinc şəhərlərinə qarşı 19 günlük zorakılığın düzgün strategiya olması xülyasındadır”, – o yazıb.
***
Ukrayna-Rusiya danışıqlarının 4-cü raundunun videoəlaqə vasitəsilə keçiriləcəyi gözlənir. Ukrayna prezidentinin köməkçisi Mixaylo Podolyak martın 13-də deyib ki, Rusiya artıq konstruktiv danışmağa başlayıb. “Məncə, bir neçə günə müəyyən nəticələr əldə edəcəyik”, – Podolyak onlayn videoda söyləyib.
Diplomatik səylər Moskvanın daha çox dinc sakinin təxliyəsinə şərait yaradacağına ümidləri artırır. Öncəki danışıqlardan sonra mühasirədə olan Mariupoldan sakinlərin çıxmasına imkan yaradılmayıb.
Rusiyanın danışıqlarda təmsilçisi Leonid Slutski “RIA Novosti” agentliyinə deyib ki, danışıqlarda ciddi proqres əldə olunub, nümayəndə heyətləri tezliklə razılaşma layihəsi əldə edə bilərlər.
Bu arada Kiyev ətrafı artilleriya atəşinə tutulmaqdadır. İrpen, Buça, Qostomelə mərmilər düşür.
ABŞ Prezidenti Co Bayden isə milli təhlükəsizlik müşavirini Romaya göndərir. Ceyk Sallivan martın 14-də çinli həmkarı Yanq Cieçi ilə görüşməlidir. Pekinin Rusiya dezinformasiyasını gücləndirməsi, Moskvaya Qərbin sanksiyalarından yayınmağa kömək etməsi sarıdan narahatlıq var.
Sallivan xəbərdarlıq edib ki, Pekin Moskvaya sanksiyalardan yayınmağa kömək edirsə, “mütləq” bunun fəsadları ilə üzləşəcək.
***
Martın 14-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 19-cu günüdür.
Bu gün Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu gözlənilir. Ukrayna nümayəndə heyətinin üzvü Mixail Podolyak, Rusiya tərəfdən Leonid Slutskinin sözlərinə görə, tərəflər kompromisə yaxınlaşırlar.
Rusiya qüvvələrinin mühasirəsində olan Mariupolda yerli rəsmilər artıq 2 mindən çox sakinin öldüyünü bildirirlər.
Britaniyanın Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya qüvvələri Ukraynanın Qara dəniz sahilini bağlayıblar, ölkəni beynəlxalq dəniz ticarətindən məhrum ediblər.
Buna da bax: Soros son tikəsini paylaşan rus əsgərini yada salırKiyevdə yaşayış binaları atəşə tutulur
Kiyevin Obolon rayonunda yaşayış evinə düşən mərmi isə iki nəfərin həyatına son qoyub, üç nəfər xəstəxanaya yerləşdirilib. Məlumatı Ukraynanın Fövqəladə vəziyyətlər üzrə dövlət xidməti yayıb.
Səhər tezdən Kiyevin şimalındakı Boqatırski küçəsində doqquzmərtəbəli binaya artilleriya mərmisi düşüb. Binanın bir hissəsi dağılıb, bir neçə mərtəbəsində mənzillər yanıb.
Binadan 63 nəfərin xilas edildiyi, yanğının söndürüldüyü bildirilir. Axtarış işləri davam edir.
Buna da bax: Britaniya Rusiyanın 386 deputatına sanksiyalar qoyduKiyevin qərbində “Antonov” aviasiya zavodunun da atəşə tutulduğu xəbər verilir. İtkilər barədə məlumat yoxdur.
2014-cü ildə Moskva Ukraynanın Krım vilayətini ilhaq edib, ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Bu il fevralın 22-də isə Prezident Vladimir Putin həmin separatçı qurumları tanıyıb, iki gün sonra Ukraynaya hücuma başlayıb.