Ukraynanın paytaxtı Kiyev şəhərində fəaliyyət göstərən Azərbaycan diplomatları bu ölkənin Lvov şəhərinə köçüblər.
Bu barədə bu gün, martın 8-də Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Ukraynadakı vəziyyətlə əlaqədar paytaxt Kiyevdə artan təhlükəsizlik şəraitində bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diplomatları Lvov şəhərinə köçüblər: "Müvəqqəti olaraq Lvov şəhərində fəaliyyət göstərəcək diplomatlarımız Ukraynadakı azərbaycanlıların müraciətləri, o cümlədən təxliyəsi məsələsi ilə bağlı fəaliyyəti davam etdirəcək".
Səfirliklə aşağıdakı qaynar xətlərlə əlaqə saxlamağın mümkün olduğu bildirilir:
+380 73 5050000
+380 99 408 99 43
Xatırlatma
Fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Artıq Rusiya silahlı qüvvələrinin Ukraynanın paytaxtı Kiyevin bir neçə kilometrliyində olduğu bildirilir. Lvov şəhəri ölkənin qərbində, cəbhə xəttindən nisbətən uzaqda yerləşir. Bu müharibədən az əvvəl də Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımışdı. Altı il əvvəl isə Ukraynanın bir hissəsini -Krımı ilhaq etmişdi.