Kiyev Sevastopoldakı hücumu əks-hücuma hazırlıq adlandırır

Sevastopol, 29 aprel 2023

Rusiyanın ilhaq etdiyi Sevastopolda neft anbarına hücum Kiyevin əks-hücum əməliyyatına hazırlığının bir hissəsidir.

UNİAN xəbər verir ki, bunu Ukraynanın cənub müdafiə qüvvələrinin nümayəndəsi Nataliya Qumenyuk deyib.

Onun sözlərinə görə, neft bazasında baş verən yanğından sonra Rusiya hərbçilərində yüksək təşviş var, onlar ailələrini təxliyə etməyə, mümkünsə ilhaq edilmiş Krımı tərk etməyə çalışırlar.

Buna da bax: Ukraynada ölən 21 min 700 Rusiya hərbçisinin adı müəyyən edilib

"Bu iş hamının gözlədiyi geniş tammiqyaslı hücuma hazırlıqdır", - müdafiə qüvvələrinin sözçüsü bildirib.

Sevastopolun Kazaçya buxtası mikrorayonunda neft anbarında yanğın aprelin 29-da baş verib.

Dörd iri neft çəninin yandığı, heç kim xəsarət almadığı bildirilir. Rusiyanın təyin etdiyi Sevastopol qubernatoru iki pilotsuz aparatın yanacaq çənlərinə hücum etdiyini, onlardan birinin vurulduğunu deyib.

Amma hadisədən az sonra Ukrayna tərəfi Rusiyanın Qara Dəniz Donanmasını yanacaqla təmin edən on çənin məhv edildiyini açıqlayıb. Amma eyni zamanda, Kiyev hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Buna da bax: Ukrayna Rusiyanın işğalını yenidən yaza biləcəkmi

Ukrayna Prezidenti Volodimir Zelenski hadisə günü Qərb mətbuatı ilə söhbətində deyib ki, əks-hücum zamanı Ukrayna Silahlı Qüvvələri itirilmiş ərazilər, eləcə də Krım üzərində nəzarəti bərpa etmək niyyətindədir.

Buna cavab olaraq Krım parlamentinin rusiyalı rəhbəri Vladimir Konstantinov bildirib ki, Kiyev əks hücum cəhdinə sərt cavab alacaq.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücum edib və hazırda müharibə davam edir.