Ermənistanda məhkəmə ölkənin keçmiş prezidenti Robert Koçaryanın Rusiyaya səfər etməsinə icazə verməyib.
Koçaryan hazırda prezidentliyi dövründə böyük məbləğdə rüşvət almaqda ittiham edilir.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu məlumat Koçaryanın rəhbərlik etdiyi Hayastan fraksiyasının Facebook səhifəsində dərc olunub.
Koçaryanın vəkili Ovannes Xudoyan Azatutyuna deyib ki, keçmiş prezidentin bu səfər üçün vəsatətini məhkəməyə təqdim etmişdi.
Buna da bax: Ermənistan parlamenti ‘Qarabağ’ komissiyası yaratmaqdan imtina etdiVahid Rusiya dəvət edibmiş
Vəkil bildirib ki, hakim Anna Danibekyan vəsatətə baxdıqdan sonra onu rədd edib:
“Rusiyanın hakim partiyası - Vahid Rusiya bir həftə bundan əvvəl Hayastan blokunun lideri, ikinci prezident Robert Koçaryanı Moskvaya dəvət etmişdi. Gözlənilirdi ki, 19 sentyabrda başlanmalı olan bu səfərin gedişində təkcə partiyalararası əməkdaşlıq yox, həm də geniş çevrədə məsələlər müzakirə olunacaq. Lakin Ermənistanın birinci instansiya məhkəməsi Robert Koçaryanın xaricə səfər etməsinə icazə verməyib. Biz bu səfəri ləğv etməyə məcburuq".
Hayastan blokunun bəyanatında daha sonra deyilir ki, vəsatətin rədd edilməsi hakimiyyətin məhkəmə üzərinə təzyiqini bir daha nümayiş etdirib.
Qeyd olunur ki, bundan məqsəd Hayastan blokunun siyasi fəaliyyətinin məhdudlaşdırılmasıdır:
“Biz baş verənləri hakimiyyətin dar şəxsi qisas düşüncəsinin və onda dövlət təfəkkürünün tam yoxluğunun təzahürü hesab edirik”.