Azərbaycan Konqoda neft emalı zavodunu yeniləyəcək, özününkünü bitirməmiş

Azərbaycan-Konqo sənədləri imzalanıb

Aprelin 4-də Azərbaycan prezidenti İlham Əliyev ilə Konqo prezidenti Deni Sassu-Nqesson arasında təkbətək və geniş tərkibdə görüşlər olub. Daha sonra onların iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, tərəflər əməkdaşlıq, o cümlədən "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında "Congolaise de Raffinage" neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı"nı imzalayıblar.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iki neft emalı zavodu var – Bakıda Heydər Əliyev adına Neft Emalı Zavodu və Türkiyədə "Star" Neft Emalı Zavodu. Amma indi onlarda Aİ-95 və Aİ-98 markalı benzin istehsal olunmur. Halbuki rəsmilər artıq illərdir ölkədə yüksək keyfiyyətli yanacağın istehsal olunacağı barədə açıqlamalar verir.

Əvvəllər Bakı Neft Emalı Zavodunda Aİ-95 istehsal olunacağı açıqlansa da, zavod təmirə bağlanıb və hələ də modernləşdirmə işləri tam bitməyib. Rəsmi məlumata görə, yeniləmə hələ 2027-ci ildə tamamlanacaq.

+++

Konqo Respublikasının prezidenti Deni Sassu-Nqesso aprelin 3-də Azərbaycana gəlib.

Hazırda Konqo Respublikası kimi tanınan ərazi 1880-ci illərdən 20-ci əsrin ortalarınadək Fransanın müstəmləkəsi olub. 1960-cu ildə Konqo Respublikası müstəqilliyini elan edib.

Son vaxtlar Azərbaycan və Fransa arasında münasibətlərdə gərginlik müşahidə edilir.

Fransa rəsmiləri Bakını etnik, insan hüquqları ilə bağlı pozuntularda, Azərbaycan rəsmiləri isə Parisi bır sıra Afrika xalqlarına münasibətdə istismarçılıqda günahlandırırlar.