ABŞ Nümayəndələr Palatası hökuməti martın əvvəlinədək müvəqqəti maliyyələşdirməklə bağlı qanun layihəsini qəbul edib, sənəd imzalanmaq üçün prezident Co Baydenə (Joe Biden) göndərilib. Daha öncə qanun layihəsini Senat təsdiqləmişdi. Xəbəri “Reuters” yayıb.
Sənədə görə, hökumət strukturlarının bəzilərinə martın 1-nə, digərlərinə martın 8-dək maliyyə ayrılması nəzərdə tutulub.
Bu artıq hökumətin müvəqqəti maliyyələşdirilməsi ilə bağlı üçüncü qanun layihəsidir. Maliyyə ilinin 2023-cü il oktyabrın 1-də başlamasına baxmayaraq, Senat və Nümayəndələr Palatası hələ də hökuməti bir illik maliyyələşdirmək öhdəliyini yerinə yetirməyib.
Senatda çoxluq demokratlara, Nümayəndələr Palatasında isə respublikaçılara məxsusdur.
Hökumətin növbəti dəfə qısamüddətli maliyyələşdirilməsi ideyasını palatanın spikeri, respublikaçı Mayk Conson (Michael Johnson) tənqid etmişdi.
Yanvarın əvvəlində konqres 2024-cü ildə hökumətin 1.6 trilyon dollar həcmində malityyələşdirilməsi üzrə razılıq əldə edib. Təklif olunan büdcədə müdafiəyə rekord 886 milyard dollar, qeyri-müdafiəyə isə 704 milyard dollar nəzərdə tutulub.
Konqresdə respublikaçılarla demokratlar arasında əsas fikir ayrılığı Meksika ilə sərhədlə bağlıdır. Respublikaçılar Ağ evdən miqrasiya siyasətində daha sərt tədbirlər tələb edirlər. Onlar israr edirlər ki, Ukraynaya yeni maliyyə yardımı immiqrasiya sahəsində iri islahatlarla birləşdirilsin, ABŞ-da sığınacaq vermək siyasətinə yenidən baxılsın.