Oktyabrın 31-də ABŞ Nümayəndələr Palatasına Mərkəzi və Şərqi Avropanın enerji müstəqilliyinin dəstəklənməsinə dair qətnamə layihəsi təqdim olunub.
Bundan bir gün əvvəl Rusiyanın ŞimalAxını 2 qaz kəməri layihəsinin qarşısındakı son maneə aradan qalxıb. Beləki Danimarka Gazprom şirkətinə bu kəmərin onun ərazi sularına düşən 147 kilometrlik sektorunun çəkilişi üçün lisenziya verib.
Respublikaçı Marcy Kaptur və demokrat Adam Kinzinger-in təqdim etdiyi qətnamə layihəsində Adriatik, Qara və Baltik dənizləri arasında yerləşən 12-dək ölkəyə yeni enerji layihələrinin tətbiqi üçün ABŞ-ın dəstək verməsi nəzərdə tutulur.
Bu 12 ölkə arasındakı partnyorluq Üç Dəniz Təşəbbüsü kimi tanınır.
Şərqi və Mərkəzi Avropa ölkələri tarixən Rusiya neft və qazından son dərəcə asılı vəziyyətdə olublar.
Macarıstan hələ indiyədək ona lazım olan qazı bütünlüklə Rusiyanın dövlət enerji şirkəti Gazpromdan alır.
Bu regionda şimal-cənub istiqamətində enerji infrastrukturu mövcud deyil. Bu, regionun ABŞ da daxil başqa ölkələrdən enerji almasını imkansız edir.
Buna da bax: Rusiyanın ŞimalAxını 2 kəmərinin qarşısındakı son maneə aradan qalxır
Qətnamə layihəsində deyilir ki, “Rusiya uzun müddətdir enerjidən silah kimi istifadə edərək bizim Avropa müttəfiqlərimizi asılı vəziyyətdə saxlayır”:
“Amerikada enerji hasilatının artmaqda olmasını nəzərə alaraq biz Mərkəzi və Şərqi Avropadakı müttəfiqlərimizə alternativ verməklə onları dəstəkləyə bilərik”.
ABŞ-da son on ildə şist inqilabının baş verməsi ilə ölkə dünyanın ən böyük neft ixracatçılarından birinə çevrilib.
Lakin ABŞ-dan maye qaz almaq üçün Mərkəzi və Şərqi Avropada əlavə terminal və kəmərlərin tikilməsinə ehtiyac var.
Qətnamə layihəsində ABŞ-ın iqtisadi və xarici maraqlarının yürüdülməsinə xidmət edən layihələrə maliyyə dəstəyinin verilməsi təsdiq olunur.
Rusiyanın Gazprom şirkətinin Baltik dənizinin dibi ilə Almaniyaya çəkmək istədiyi ŞimalAxını 2 kəməri ildə 55 milyard kubmetr qaz nəql etməlidir.
Bu, Almaniyanın Rusiyadan aldığı enerji həcmlərini iki dəfə artırmış olacaq.
Gazprom artıq 80 faizi hazır olan bu kəmərin tikintisini qarşıdan gələn bir neçə ayda başa çatdırmalıdır.
Vaşinqton Avropanın Rusiya qazından asılılığını artıracaq bu kəmərin tikintisinə qarşı çıxır.
Hazırda ABŞ Senatında bu kəmərin tikintisində iştirak edən şirkətlərin üzərinə ağır sanksiyalar qoyacaq qətnamə hazırlanır.