İqbal Ağazadə: 'Parlament sıradan çıxarılır'

İqbal Ağazadə

«Əgər parlamentli respublika olsaydı, Milli Məclisin buraxılması dəyişikliyini anlamaq olardı. İndiki halda isə bu, prezident institutunun səlahiyyətlərini gücləndirməkdən başqa bir şey deyil».

Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə bunu AzadlıqRadiosuna Konstitusiyaya dəyişikliklərlə bağlı Referendum Aktını təhlil edərkən deyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Iqbal Ağazadə Konstitusiyaya dəyişiklik təkliflərini şərh edir

Onun sözlərinə görə, hökuməti formalaşdırmaq səlahiyyəti olan parlament müəyyən vaxt ərzində bunu etməsə, hökumət böhranı yaransa, prezidentin Milli Məclisi buraxmaq kimi səlahiyyətinin olması anlaşılandır: «Azərbaycan prezident respublikasıdır, parlament də hökumət formalaşdırmır. Əgər baş nazir işləmirsə, ya Milli Məclis onu uyğun kadr kimi görmürsə, parlament niyə buraxılmalıdır ki?».

Buna da bax:

S.Novruzov: 'Fransada prezident 7 illiyə seçilir'

'İlham Əliyev hakimiyyətini elə bir adama ötürməyi planlaşdırır ki...'

'Monarxiya qurulur' - Arif Hacılı

«ELƏ BAŞ NAZİRİ BURAX DA»

İqbal Ağazadə deyir ki, Azərbaycanda parlament daha çox Prezident Administrasiyasından gələn qanun layihələrini qəbul edir, hazırladığı qanun layihələrini isə Prezident Administrasiyası ilə razılaşdırır: «Belə olan halda, parlament Mərkəzi Bankın İdarə Heyətinə namizədlərə, ya baş nazirə iki dəfə etimadsızlıq göstərərsə, onu buraxmağın nə mənası var ki? Elə baş naziri burax da».

Keçmiş deputat hesab edir ki, yeni dəyişikliklərdə məqsəd qanunverici orqanın işinin sıfıra endirilməsi, hakimiyyət bölgüsündə yerinin tamamilə sıradan çıxarılması və cəmiyyətdə parlamentin rolunun azaldılmasıdır: «Hesab edirəm ki, bu dəyişikliklər pozitiv deyil və 21-ci əsrin çağırış və tələblərinə cavab vermir. Bu, hakimiyyət qollarının zəiflədilməsi, prezident institutunun gücləndirilməsinə xidmət edir».