190 manatla bağlı şikayət hüququ tanınmadı

Sizin brauzer HTML5-i dəstəkləmir

Evinə gündə 7 manat gələn ailə indi çörəyə möhtac qalıb

"Bankdan pul götürəndə, onu məndən istəmişdilər"

"SMS göndərib qeydiyyatdan keçmişdim, 190 manat yardım istəyirdim. VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) almışdım. VÖEN-i öncədən almışdım, atam xəstə idi. Bankdan pul götürəndə onu məndən istəmişdilər. Dövlətdən alacağım 190 manat mənə məhz bu VÖEN-ə görə verilmədi. Özüm yataqxanada yaşayıram, hələ ki, dövlətdən mənə bir kömək dəyməyib...". Bunu AzadlıqRadiosuna Azərbaycan vətəndaşı Səxavət Quliyev deyib. O da koronavirus pandemiyasi ilə bağlı işsizlərə verilən 190 manatlıq yardım almaq istəyib. Amma istəyini gerçəkləşdirə bilməyib.

"Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov isə AzadlıqRadiosuna deyib ki, əslində, dövlət başçısı İlham Əliyev iqtisadiyyat naziri Mikayıl Cabbarov və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə videobağlantıda (17 aprel 2020) bildirmişdi ki, 190 manat alacaq şəxslərin sayı 600 min nəfərə qaldırılacaq (İlkin olaraq 200 min nəfərə verilməsi nəzərdə tutulmuşdu).

H.Həsənov

"Ölkədə işsizliyin səviyyəsi yuxarıdır "

H.Həsənovun fikrincə, bu məsələdə öncə ölkədə işsizlərin sayı müəyyən edilməli idi. O vurğulayıb ki, ölkədə işsizlərin sayı ilə bağlı dəqiq statistika yoxdur: "Yəni, niyə öncə 200 min nəfər, sonra nədən bu rəqəm 600 min nəfərə yüksəlir? Üstəlik, bu həddin 600 min nəfər olması nəyə əsasən ifadə edilir? Fikrimcə, bu onun göstəricisidir ki, ölkədə işsizliyin səviyyəsi yuxarıdır".

Məsələ burasındadır ki, VÖEN-i olan şəxslərə birdəfəlik yardımın verilib-verilməməsi ilə bağlı rəsmilərdən bir-birinə zidd müxtəlif açıqlamalar eşidilib. Prezident İlham Əliyev bu il martın 19-da koronavirusun ölkə iqtisadiyyatına, biznes və məşğulluğa mənfi təsirlərini azaltmaq məqsədilə sərəncam verib. Sənədə əsasən, ilkin mərhələdə işsiz kimi qeydiyyatda olan 200 min insana da 190 manatlıq yardım verilməsi nəzərdə tutulurdu. Amma Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə görə, bir ailədə ər və arvad da işləmirsə, onlardan yalnız biri bu yardımı ala bilərdi.

Buna da bax: İşsiz qalan Vəcimə deyirlər ki, sənə yardım düşmür, dövlətdən inək almısan...


Habelə, pay torpaqlarına görə subsidiya almış şəxslərə də bu yardımın edilməyəcəyi vurğulanırdı. Üstəlik, işsiz kimi qeydiyyata alınan şəxslərdən hazırda dövlətdən sosial ödəniş (ünvanlı sosial yardım, pensiya, təqaüd, müavinət və s.) alanlara da birdəfəlik ödəmənin verilməyəcəyi bildirilib. Eyni zamanda, VÖEN-i olan şəxslərin də bu yardımdan kənarda qalacağı qeyd edilmişdi.

Nazir müavini: "Buna görə imtina alınıbsa..."

İndi tək S.Quliyev yox, bəzi şikayətlərə görə, VÖEN-i olan çoxlu şəxs bu yardımdan kənarda qalıb. Hətta bəzi şikayətçilər qeyd ediblər ki, onların VÖEN-ləri dondurulub, çünki faktiki işsizdirlər.

Lakin iki gün əvvəl, şənbə günü iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib ki, VÖEN-in bu məsələyə aidiyyəti yoxdur: "VÖEN, sadəcə, nömrədir. Buna görə imtina alınıbsa, bugün də təkrar müraciət edə bilərlər...".

Müraciətlərin qəbulu bitib

Amma, artıq bu birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatıb. Bu barədə bugün, aprelin 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

İmişli və Sumqayıtda etiraz: Qeydiyyatsız işçilərin tələbləri var

Məlumatda qeyd edilib ki, koronavirus pandemiyası ilə əlaqədar sosial dəstək tədbirlərindən biri kimi işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslərin birdəfəlik ödəmə (190 manat) ilə təminatı proqramı icra olunur: "Bu günədək onlardan 400 min şəxsə birdəfəlik ödəniş təyin edilib və müraciətlərə baxıldıqca, nəticəsinə uyğun daha 200 min şəxsə də ödəniş aparılacaq. Ümumilikdə isə işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər tərəfindən birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına edilən müraciətlərin qəbulu artıq yekunlaşıb".

Nazirlik bildirib ki, daxil olmuş müraciətlərin emalı prosesi isə davam edir: "Birdəfəlik ödəmələrin təyinatında ünvanlılıq prinsipi üstün tutulur. Xüsusilə aprelin 1-dək işsiz kimi qeydə alınan, çalışdığı qeyri-formal iş yerini xüsusi karantin dövründə itirən, (e-informasiya bazalarının məlumatları əsasında) ailə gəlirlərinin daha aşağı səviyyədə olduğu müəyyən edilən şəxslər diqqətdə saxlanır...".

Buna da bax: Atanı infarkt vurub, işsiz qalıb, 190 manat yardımı ala bilmir

"İnsanların apellyasiya hüquqları tanınmadı"

Hüquqşünas H.Həsənov isə deyib ki, işsizliyə görə 190 manat müavinətin ödənilməsinin dayandırılması doğru deyil. Onun qeyd etməsinə görə, həm kütləvi müraciətlər çox idi, həm də kütləvi imtinalar: "Bu halda məsələ aydınlaşmalı idi. Digər tərəfdən isə, 190 manatla bağlı insanların apellyasiya hüquqları da tanınmadı. 160 min nəfərə yaxın insana yardım verilməsindən imtina edilib. Bu imtina əsasları ilə razılaşmayan insanların apellyasiya hüquqları tanınmadı".

H.Həsənov hesab edir ki, VÖEN-in olmasına görə imtina verilməsi haqlı deyil. Onun da vurğulamasına görə, VÖEN bir nömrədir, ola bilər ki, insan nömrəni alıb fəaliyyət göstərməyib.

"Prosesin şəffaf aparıldığının sübutu üçün..."

Bununla belə, H.Həsənov elektron cavabı da rəsmi cavab sayaraq bundan narazı qalanların inzibati məhkəməyə şikayət etmək imkanın olduğunu söyləyir. Üstəlik, hüquqşünas vurğulayıb ki, ƏƏSMN prosesin şəffaf aparıldığının sübutu üçün həm yardım alanların, həm də imtina ilə üzləşənlərin siyahısını öz saytında dərc etsə, yaxşı olar.

Bu fikirlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirlər Kabinetindən münasibət almaq cəhdlərimiz nəticə verməyib.

Deputat Razi Nurullayev isə mövzu ilə bağlı "Turan" agentliyinə deyib ki, Azərbaycan da, digər ölkələr kimi, koronavirusa hazırlıqsız yaxalanıb. Onun qeyd etməsinə görə, yardım göstərilməsi üçün insanların siyahısı öncədən hazır deyildi:

R.Nurullayev

Deputat: "Hakimiyyəti başa düşməyə çalışıram..."

"Ünvanlı sosial yardım alanlar var idi, evsiz-eşiksiz olanlar var idi. Bütün bunlara baxmayaraq, biznesi sıradan çıxan VÖEN-i olan kiçik biznes sahibləri və digərləri də o 190 manat müavinəti ala biləcək adi həssas bir qrupa çevrildilər".

R.Nurullayev daha sonra da bunları əlavə edib: "Ona görə də mən burada hakimiyyəti başa düşməyə çalışıram... Hazır deyildilər. Bununla bərabər, mənə belə gəlir ki, bəzi tələskənliklərə də yol verilmişdi. Sonradan müavinət alacaq şəxslərin sayı prezidentin göstərişiylə 200 min nəfərdən 600 min nəfərə çatdırdılar".

Deputatın qeyd etməsinə görə, bir çox həssas sosial qruplar da həmin kəsimə əlavə edilib: "Mənə belə gəlir ki, hakimiyyət indiki vəziyyətdə burada kiminsə narazı qalmasında maraqlı deyil və bu və ya digər şəkildə problemlərin həlli yolları tapılır".

Buna da bax: Karantin dövründə hökumətin işindən nə dərəcədə razısız? - Bakıda sorğu

Deputatın fikrincə, bu məsələnin də həll yolu tapılacaq: "Hakimiyyət də maraqlı deyil ki, insanlar məhkəməyə üz tutsunlar, narazı qalsınlar. İstənilən halda insanların ehtiyacı varsa, bu 190 manat ödənilməlidir. Bu, prezidentin göstərişi, sərəncamıdır və yerinə yetirilməlidir".

Xatırlatma

2019-cu ilin sonlarına doğru Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı bunu pandemiya elan edib. Artıq dünyada bu virusa yoluxanlardan 208 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 1678 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 22 nəfər vəfat edib.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər. Karantin rejimi daha sonra mayın 4-nə kimi uzadılıb. Amma bugün, aprelin 27-dən karantin rejimindəki qaydalarda müəyyən yumşalmalar olacağı vurğulanıb. Bu tarixdən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb.