İran bildirir ki, ölkədə yeni koronavirusdan ölənlərin sayı 124-ə qalxıb. Bunların arasında xarici işlər nazirinin keçmiş müavini də var.
İran Səhiyyə Nazirliyinin sözçüsü Kianoush Jahanpur martın 6-da deyib ki, son 24 saat ərzində virusdan 17 nəfər vəfat edib.
Elə həmin müddətdə daha 1000 yoluxma qeydə alınıb.
1979-cu ildə ABŞ səfirliyinin girov götürülməsində iştirak etmiş və həmin vaxt xarici işlər nazirinin müşaviri olmuş Hossein Sheikholeslam martın 5-də COVID19 xəstəliyindən ölüb.
Sheikholeslam 1980-ci illərin ortalarından Suriyada səfir idi və xarici işlər naziri Mohammad Javad Zarifin müşaviri kimi çalışırdı.
ABŞ-ın Tehrandakı səfirliyinə hücumda iştirak edəndə Sheikholeslam tələbə idi. O vaxt 52 amerikalı girov götürülmüş və ABŞ İranla diplomatik münasibətlərini kəsmişdi.
Koronavirus habelə bir neçə başqa İran rəsmilərinin ölümünə bais olub. Bunların arasında ali rəhbər Ali Khamei-nin müşaviri və İranın Vatikandakı keçmiş səfiri də var.
İran parlamentinin 20-dən çox deputatı, səhiyyə nazirinin müavini Iraj Harirchi və yeri gəlmişkən 1979-cu il səfirlik böhranının daha bir iştirakçısı, vitse-prezident Masumeh Ebtekar da virusa yoluxublar.
Yarırəsmi ISNA agentliyi martın 5-də xəbər verib ki, parlamentə yenicə seçilmiş, mühafizəkar deputat Fatemeh Rahbar virusa yoluxduqdan sonra komaya düşüb.
İran məktəbləri və universitetləri bağlayıb, paytaxtda və böyük şəhərlərdə cümə namazlarını qadağan edib.
Rəsmilər bildirirlər ki, virusun daha geniş yayılmasını önləmək məqsədilə böyük şəhərlər arasında yoxlama postları qoyulacaq.
Martın 6-da Jahanpur iranlıları turizm şəhərlərinə, İsfahan, Gilan və Mazandaran kimi ostanlara səfərlərdən çəkindirən bəyanat verib.
Dünya iqtisadiyyatına böyük ziyan dəyib
Bu arada dünya səhiyyə rəsmiləri bildirirlər ki, xəstəlik Avropa və Şimali Amerikaya yayıldıqdan sonra hökumətlər epidemiyaya daha ciddi yanaşmağa başlayıb.
Martın 6-da Niderland və Vatikan ilk yoluxma halını qeydə aldıqlarını bildiriblər.
Hazırda dünya boyunca 100 minədək insanın koronavirusa yoluxduğu xəbər verilir.
Çindən qaynaqlanaraq dünyanın 85 ölkəsinə yayılmış virus indiyədək 3300 insanın həyatına son qoyub.
Koronavirus dünya iqtisadiyyatına birbaşa təsir göstərməyə başlayıb. Birləşmiş Ştatlar bankların uçot dərəcəsini azaldıb və epidemiya ilə mübarizəyə milyardlarla dollar xərcləyəcəyini vəd edib.
Avropa birjalarında martın 6-da əsas səhm göstəricləri düşməkdə davam edib.
Asiya İnkişaf Bankı martın 6-da bildirib ki, koronavirus indiyədək qlobal iqtisadiyyata 347 milyard dollar ziyan vurub. Bu ziyanın üzdə ikisi Çinin payına düşür.
Buna da bax: Operativ qərargahdan xəbərdarlıq
Birləşmiş Ştatların 4 ştatında ilk yoluxmalar qeydə alınıb. Bunlar Kolorado, Merilend, Tennesi və Texas ştatlarıdır.
ABŞ-da yoluxmaların sayı 240-a, ölənlərin sayı 12-yə qalxıb.
Google, Facebook, Amazon və Microsoft kimi nəhəng şirkətlər əməkdaşlarına evdən işləmək icazəsi verib.
Belələrinin sayı yalnız ABŞ-da 100 min nəfərdən çox olacaq.
ABŞ Senatı martın 5-də koronavirusla mübarizəyə 8.3 milyard dolların ayrılması barədə qanunu qəbul edib.