ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDS) amerikalılara Yunanıstan, İrlandiya, İran və digər ölkələrə getməməklə bağlı xəbərdarlıq edib. Səbəb həmin ölkələrdə COVID-19-a yoluxmaların artmasıdır.
Səyahət təhlükəsi üzrə dördüncü səviyyəyə salınmış ölkələr sırasında Liviya, Qazaxıstan, Andorra, Malta və digərləri də yer alıb.
Buna da bax: Koronavirus Çində laboratoriyadan sızıb – hesabat
90-dək ölkə
Dövlət Departamenti avqustun 2-də oxşar xəbərdarlıqla çıxış edib.
İyunda bir çox ölkələrlə bağlı xəbərdarlıq ləğv olunmuşdu. Amma yoluxmalar artdığından siyahı genişlənir. Hazırda xəbərdarlıq siyahısında 90-dək ölkə yer alıb.
Birləşmiş Ştatların özündə də yoluxma səviyyəsi yüksəlir. Bu arada Prezident Co Bayden administrasiyası böyüklərin 70 faizinə vaksinin azı bir dozasını vurmaq hədəfinə avqustun 2-də çatıb.
Bayden əslində 4 iyul Müstəqillik Gününü hədəf qoymuşdu. Amma vaksinasiyanın özəlliklə ölkənin cənub və orta qərb hissəsindəki siyasi baxımdan mühafizəkar regionlarda səngiməsi, gənclər və irqi azlıqların peyvəndlə bağlı tərəddüdü bu yöndə işi yavaşıdıb.
Buna da bax: Almaniyada əhalinin həssas təbəqəsinə əlavə doza peyvənd vurulacaq
Daha gənc yaş qrupu
Ağ evin COVID-19 üzrə işçi qrupunun koordinatoru Cef Zients jurnalistlərə deyib ki, xəstəxanalara yerləşdirmələr artır və hər gün 300-dən çox ölən olur.
“Bu hallar vaksinasiya səviyyəsi aşağı olan icmalarda qeydə alınır. Ötən həftə ölkə üzrə hər üç yoluxmadan biri Florida və Texasda baş verib”, – o, sözlərinə əlavə edib.
Digər ştatların qubernatorları isə delta ştammının yayılmasını səngitmək üçün maska taxmaq qaydasını yenidən məcburi edirlər.
Avqustun 1-də Floridada xəstəxanaya rekord sayda – 10 mindən çox xəstə yerləşdirilib. Bu, ölkə üzrə uyğun statistikanın 25 faizi deməkdir.
Florida xəstəxana assosiasiyasının rəhbəri Meri Meyhyu hospitalizasiyada daha gənc yaş qrupunun çəkisinin artdığını deyib.
“Ötən il çoxları dönə-dönə eşidirdi ki, COVID yaşlılara və ciddi xəstəlikləri olanlara daha böyük risk yaradır, amma delta ştammı daha gənc əhali üçün böyük risk daşıyır”, – o vurğulayıb.
Buna da bax: Pandemiya etirazları. Peyvəndlər bahalanır
Maska tələbi qayıdır
Cənubdakı Luiziana və Arkanzas ştatlarında da hospitalizasiya rəqəmləri artır və bu həftə rekorda çata bilər.
Luizianada qapalı məkanlarda maska taxmaq məcburi elan edilib. Kaliforniyanın bəzi yerlərində də bəzi yerlərdə bu qadağa bərpa olunub.
Avqustun 2-də senator Lindsey Qraham koronavirusa qarşı peyvənd olunmasına baxmayaraq testinin müsbət çıxdığını açıqlayıb. 66 yaşlı Qraham deyib ki, vaksin vurdurduğuna görə “çox şaddır”, əks halda mövcud simptomları “daha pis” olardı.
Dekabrda peyvənd vurdurmuş Qraham 10 gün karantində qalacağını açıqlayıb. Vaksinasiya tərəfdarı olan senator yazda deyirdi ki, “nə qədər tez hər kəs peyvənd olunsa, bir o qədər tez normal həyata qayıdarıq”.
Senatda maska taxmaq tələbi yoxdur. Nümayəndələr Palatası isə bu tələbi bərpa edib.