"Ölkəmizdə və dünyada koronavirusa yoluxma sayı kəskin artıb. Bunu "omikron" ştammı ilə əlaqələndirmək olar". Bunu bu gün, fevralın 10-da Səhiyyə Nazirliyində keçirilən brifinqdə Səhiyyə naziri Teymur Musayev deyib. Onun vurğulamasına görə, xəstələrin xəstəxanaya çatdırılmasında və müvafiq müalicələrin təmin edilməsində heç bir problem yoxdur.
Onun əlavə etməsinə görə, hazırda "omikron"la yanaşı, "delta" ştammı da mövcuddur. Nazir vurğulayıb ki, xəstəxanaya, xüsusilə də reanimasiyaya yerləşdirilənlər arasında tədqiqatlar aparılır.
Onun sözlərinə görə, hazırda ölkədə koronavirusla əlaqədar məhdudlaşdırıcı qərarlara ehtiyac yoxdur: "Hazırda ümumi çarpayı fondunun 20, reanimasiya şöbələrinin çarpayı fondunun 10 faizi istifadə olunub. Sanitar-epidemioloji vəziyyət qənaətbəxşdir".
Onun vurğulamasına görə, müşahidələr göstərir ki, vaksinasiyadan keçənlər xəstəliyi yüngül keçirdikləri halda, peyvənd vurdurmayanlarda ağırlaşma və ciddi fəsadlar qeydə alınır.
Koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından Azərbaycanda karantindir. Rejim bu müddət ərzində yoluxma sayından asılı olaraq bəzən sərtləşdirilib və daha sonra yumşaldılıb.
Azərbaycanda vaksinasiyaya ötən il yanvarın 18-dən başlanıb. Ölkədə əvvəlcə Çinin "Sinovac" şirkətinin vaksinindən istifadə edilib. Daha sonra Avropa ölkələrində tanınan vaksinlər də ölkəyə gətirilib. İndiyə qədər 4.7 milyon şəxsin (Azərbaycanda əhalinin 10 milyon olduğu bildirilir) iki dozada peyvənd edildiyi bildirilir.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Fevralın 9-na kimi Azərbaycanda isə ümumilikdə 718 min 145 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8 min 948-nin vəfat etdiyi bildirilib.