Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenə uzadılıb. Bununla bağlı bu gün, fevralın 21-də Nazirlər Kabineti qərar verib.
Qərarda qeyd edilib ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin müddəti mayın 1-i saat 06:00-dək uzadılıb.
Bundan əvvəl bu müddət martın 1-i saat 06:00-da başa çatırdı.
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin aprelindən karantin rejimi hökm sürür. Yoluxma sayından asılı olaraq zaman-zaman rejim sərtləşdirilsə də, sonra yumşaldılıb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 6.8 milyona yaxın şəxsin vəfat etdiyi açıqlanıb.
Azərbaycanda isə bu vaxta qədər 823 mindən çox şəxsin bu virusa yoluxduğu, onlardan 10 min 100-dən çoxunun vəfat etdiyi bildirilir.
Son vaxtlar ölkədə bu virusa gündəlik yoluxma sayı azalıb, əsasən, ikirəqəmli, hətta bəzi günlər birrəqəmli olur.