Pandemiyanın 1 il əvvəl başa çatdığı elan edilib, Azərbaycanda karantin yenə uzadılır

Sizin brauzer HTML5-i dəstəkləmir

'Yolumuz 5 manat idi, indi olub 5 min manat' - Şimalda bağlı sərhədlərə belə etiraz edirlər

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti yenə uzadılıb.

Bu barədə baş nazir Əli Əsədov martın 11-də qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-i saat 06:00-dək uzadılıb.

Bu müddət 2 aprelə kimi nəzərdə tutulmuşdu.

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda 2020-ci ilin martından karantin rejimi elan edilib. Bu arada onun müddəti bir çox dəfə uzadılıb. Yoluxma sayından asılı olaraq zaman-zaman rejim sərtləşdirilsə də, sonra yenə yumşaldılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il mayın 5-də bu pandemiyanın başa çatdığını elan edib. Azərbaycanın özündə də son illər bu virusa yoluxma kəskin azalıb.

Koronavirusla bağlı 2020-ci ilin yazından Azərbaycanın quru sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb. Bu hal hələ də davam edir. Ölkənin bir sıra müxalifət partiyaları pandemiyanın başa çatdığını vurğulayaraq məhdudiyyətlərin götürülməsini tələb edir. Bəzi rəsmilər indi də sərhədlərin bağlı saxlanmasını təhlükəsizlik amili ilə izah edirlər.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də ÜST koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan ümumilikdə 7 milyona yaxın şəxsin öldüyü açıqlanıb. Azərbaycanda isə indiyə qədər bu virusa yoluxanlardan 10 min 400 civarında şəxsin vəfat etdiyi bildirilir.