Kosovoda yenidən gərginlik yaranıb

Kosovo: Serblər Kosovonun şimalındakı Rudaredə yolları bağlayıblar, 31 iyul 2022

Kosovodan gələn məlumatlara görə, ölkənin şimalındakı etnik serblər Kosovo ilə Serbiyanı birləşdirən iki sərhəd keçid məntəqəsinə - Yarinye və Bernjaka gedən yolları yük maşınları və başqa vasitələrlə bağlayıblar.

O da bildirilir ki, gərginlik Serbiya tərəfindən verilmiş avtomobil nömrələri və şəxsiyyət sənədləri ilə bağlı Kosova hökumətinin qəbul etdiyi və avqustun 1-də qüvvəyə minəcək iki qayda ilə bağlıdır.

Kosova hökuməti bildirir ki, avqustun 1-də Serbiya tərəfdən gələnlərin sənədləri üç ay müddətində qüvvədə olan Priştina (Kosovanın paytaxtı) tərəfindən verilmiş yeni giriş-çıxış şəxsiyyət sənədləri ilə dəyişdiriləcək.

Məlumatlarda vurğulanır ki, bu siyasət Serbiyaya səfər edən Kosovo vətəndaşlarına tətbiq olunan uzunmüddətli təcrübəyə uyğun gəlir.

Kosovo Polisi və NATO-nun Kosovodakı missiyasının (KFOR) gücləndirilmiş qüvvələrinin bazar günü axşam Mitrovitsanın cənub hissəsindəki Ura e İbri körpüsü yaxınlığında toplandığını göstərən videogörüntülər yayılıb.

İyulun 31-də axşam saatlarında Kosovo polisi həmin bölgədə etirazçıların yolları kəsməsinə görə Jarinje və Brnjakdakı sərhəd keçidlərini piyada və nəqliyyat vasitələrinin dövriyyəsi üçün bağladıqlarını açıqlayıb.

Kosovonun şimalındakı etnik serblər 1999-cu ildəki müharibədən bəri Serb qurumları tərəfindən verilən avtomobil nömrələrindən istifadə edirlər.

Kosovo hökuməti bunu qanunsuz hesab edir və əksəriyyəti serblər olan dörd şimal bələdiyyəsində Kosova tərəfindən buraxılmış nömrələrlə əvəz edilməsini tələb edir.

Dəyişiklikləri etmək üçün avtomobil sahiblərinə sentyabrın sonuna qədər vaxt verildiyi bildirilir.