Uşağını yaradıcı böyütmək istəyən ata-anaya 25 məsləhət
Kreativlik - unikal və çox zaman praktik, yaxud estetik dəyərli nəsnələr yaratmaq qabiliyyətidir. Kreativlik həm də köhnə və yeni problemlərə yeni çözüm yolları tapa bilməkdir. Axı uşağınız gələcəkdə, tutalım, iş yerində köhnə üsullarla həlli mümkünsüz problemlərlə üzləşəcək və o, fərqli düşünməli olacaq. Kreativ düşünə bilən uşaq öz peşəsində uğur qazanacaq, hətta o, işi deyil, iş onu tapacaq və ya elə övladınızın özü başqalarını işə götürəcək!..
Hələ onu demirik ki, kreativ bir ideya irəli sürməyin özü əsl zövq mənbəyidir!
Bir çox rəssam öz əsərini pula görə yox, özünü ifadə etmək üçün yaradır. Özünü ifadə etmək neçə-neçə insandan ötrü xoşbəxt həyatın önəmli komponentidir.
Buna da bax: Amerikada aktyorluğu belə öyrədirlər
Kreativ, yaradıcı uşaq böyüyüb öz nəsli üçün çox dəyərli şeylər düzəldə bilər. Yaradıcı, eyni zamanda qətiyyətli və işgüzar olan uşaq böyüyüb növbəti Larry Page, Mark Zuckerberg, Jeff Coons, ya da Frank Gehry ola bilər.
Alimlər iddia edirlər ki, kreativlik xeyli dərəcədə irsidir
Onların sözlərinə görə, fitri və təbii istedada malik insanlar eyni bacarıqları digərlərinə nisbətən daha asan qavrayırlar.
Müşahidələr göstərir ki, yüksək kreativliyi olan insanlar, üstəlik, ağıllı, nonkonformist və qeyri-adi olurlar. Yeni təcrübələrə açıq, maraq dairələri də geniş olur. Məsələn, çox kreativ alimlərin incəsənətlə maraqlandığını və hətta məşğul olduğunu da görə bilərik.
Dünyada fitri, özəl qabiliyyətli insanlar olsa da, mütəxəssislər bütün insanların kreativ bacarıqlarının olduğunu deyirlər. Uşaqlar, təbii olaraq, kreativdirlər. Ancaq cəmiyyətin təzyiqi nəticəsində onların kreativliyi öyrənilmir. Həvəsləndirmə olmayanda, kreativlik də inkişafdan qalır.
Buna da bax: Cəmiyyətdə kreativlik niyə çox azdır?
Uşağınızda bunlardan bəzilərini görürsünüzsə, deməli, kreativdir:
– adi gündəlik əşyalardan başqa cür istifadə edirsə - məsələn, telefon qutusundan noutbuk, mağara, yaxud maşın kimi yararlanırsa;
– problemi çözməyin yeni üsullarını tapırsa. Bəzən, o bunu intuitiv, məntiqə əsaslanmadan edir.
– çox fikrə gedirsə;
– müstəqildirsə, başqalarına oxşamırsa, hər şeyi özünə xas tərzdə edirsə, başqa uşaqların nə etdiyi onun vecinə deyilsə;
– riskə gedərək səhvlərinin nəticələrindən öyrənirsə;
– öz dünyasını yaratdığı musiqilərə, rəsmlərə və hekayələrə köçürürsə;
– artıq mövcud olan bir şeyi götürüb ona düzəliş edirsə. Məsələn, o, artıq mövcud olan oyunun əsasında öz variantını yarada bilər, yaxud da adi məktəb çantasını özünəməxsus tərzdə dekorasiyaya çevirər.
Kreativlik nə qədər irsi olsa da…
Kreativlik nə qədər irsi olsa da, alimlər şəxsiyyətin yetişməsində ətraf mühitin təsirini ayrıca vurğulayırlar. Uşağın şəxsiyyət kimi potensialının üzə çıxması üçün onun kreativliyi inkişaf etdirilməlidir. Bir özəlliyin üzə çıxmasına ən yaxşı dövr, təbii ki, uşaqlıq çağıdır.
Buna da bax: «Kitab oxumayan uşaq... əl atır kəndirə»
Uşağın təbii kreativliyini dəstəkləmək üçün onda biliyə və kitaba həvəs oyatmalıyıq. Kreativliyini tətbiq etməsindən ötrü ona material vermək lazımdır. Ona tək qalmaq, düşünmək, təsəvvür etmək, xəyala dalmaq, gəzmək, yaratmaq imkanı da verilməlidir.
Onun əldə etməyə çalışdığı şeyləri tənqidə tutmadan qəbul etməli, onu həvəsləndirməliyik. Uşağa elə bir ortam yaradılmaldır ki, kreativliyini inkişaf etdirsin, potensialını açsın.
Beləcə, uşağın yaradıcı düşüncəsini inkişaf etdirirsiniz. Bu düşüncə yetkin yaşlarında da onu tərk etməyəcək.
Kreativ uşaq yetişdirməyin bu məqamlarına diqqət yetirməkdə fayda var:
1. Uşağınızda kitaba maraq oyadın. Bu, onun intellektual üfüqünü genişləndirəcək, maraqlı informasiya verməklə onu qurub-yaratmağa həvəsləndirəcək.
2. Uşağı ədəbiyyat, musiqi və incəsənətin təsirinə məruz qoyun. Başqa insanların yaratdığı əsərləri görən (yaxud eşidən) uşağın özü də nəsə yaratmaq istəyə bilər.
Buna da bax: "Uşaqlar üçün heç nə etmirik, amma onların savadlı olmasını istəyirik"
3. Onun üfüqlərini genişləndirin. Yeni işlərlə məşğul olun, yeni yerlərə gedin. Ancaq, hökmən uşağın bunu həvəslə etməsinə çalışın.
4. Uşağınızın marağını dəstəkləyin. Uşaq özünə ziyan vurmayacaq bir şeylə maraqlanırsa, onu həvəsdən salmayın. Əksinə, onun bu marağını yaxından bölüşməyə çalışın. Onunla hər şeyə qulp qoyan adam kimi yox, açıqdüşüncəli dost kimi danışın.
5. Marağı və həvəsi nə qədər anlamsız görünsə də, onu qəbul edin. İlk baxışdan mənasız görünən bir şey daha böyük fikirlərə yol aça bilər. Superqəhrəman personajları ilə maraqlanan uşaq günün birində kreativ yazı, yaxud robotikslə maraqlana bilər.
6. Evinizdə kreativliyi dəstəkləyən əşyalar saxlayın (rəsm gərəkləri, kağız, konstruktor və musiqi alətləri, kompüter və s. Bu əşyalar həm bahalı ola bilər, həm də heç bir maddi dəyərsiz.
7. Uşağınızın yaradıcı məkanı olsun. Bəzən kreativ insanlar sakit və tək ola biləcəkləri yer axtarırlar. Ancaq onu da bilin ki, yaradıcılıq prosesi çirkli də ola bilər. O üzdən, məsələn, elə əvvəlcədən divara kağız döşəyə bilərsiniz.
8. Uşağınıza sərbəst oynamağa imkan verin. Kublar və gəlinciklər təxəyyül tələb edən oyuncaqlardır.
9. Uşağınızı düşünməkdən və təxəyyülünü işə salmaqdan yayındıran, onun vaxtını alan şeyləri məhdudlaşdırın. Tutalım, videooyunlar və sosial media kreativliyi bir o qədər də dəstəkləmir. Hərçənd, bilmək olmaz...
10. Uşağın darıxmasına imkan verin. Bu ona düşünmək, ideyalarla oynamaq və xəyal qurub təxəyyülünü canlandırmaqla özünü əyləndirmək imkanı verəcək. Alimlər də bunu təsdiqləyirlər.
Buna da bax: 'Pokemon'un autizm, Asperger sindromundan əziyyət çəkən uşaqlara faydası varmış
11. Uşağınıza fantastik, xəyali, yaxud fərqli düşüncə tərzi aşılayın. Məsələn, ona "filan cür olsaydı, nə baş verərdi...", "filan işi görməyin ən yaxşı yolu nədir..." kimi suallar verin. Onun irəli sürəcəyi ən dəlisov və məntiqsiz fikri də sayqı və coşquyla qarşılayın.
12. Kreativliyi aşağılayan, yaxud dəyərləndirməyən mühitdən uşağınızı uzaqlaşdırın, onu kreativliyə həvəsləndirən yerlərə aparın. Məktəb israrla onu yalnız bir cür düşünməyə məcbur edirsə, onu həmin məktəbdən çıxarın.
13. Uşağın yaratdığına nə qulp qoyun, nə də onu tənqid edin. Uşağın işinin sizə, yaxud başqalarına xoş gəlməsi önəmli deyil. Vacib olan onun özünün bundan həzz almasıdır. Elə davranın ki, uşaq özünü sərbəst ifadə edə bilsin. Uşaq öz işi haqqında fikrinizi soruşsa, işin müsbət və unikal tərəflərindən danışın və onu tənqid etməkdən çəkinin.
14. Uşağınızı kreativ insan kimi tərifləyin. Bu, ona kreativ kimlik hissi aşılayacaq.
15. Rol-model olun. Qoy uşağınız sizi yaradıcı və yaradıcılıqdan həzz alan bir valideyn kimi görsün. Yaratdığınız şeyləri ona göstərin. Qoy uşaq görsün ki, siz azad düşünməyi, macəraları, riski sevirsiniz.
16. Uşağınızı başqa bir rol modellə tanış edin. Şəxsən tanış etmək imkanınız yoxdursa, onda ona həmin kreativ şəxsdən danışın. Onun nələr etdiyini, buna necə nail olduğunu və s.-i danışın. Tutalım, uşağınız texnologiya ilə maraqlanırsa, ona Mark Zuckerberg, Larry Page, yaxud Bill Gates-dən söz açın.
Buna da bax: Sevin uşaqlarınızı, bilinmir həyat onlara nə hazırlayıb
17. Uşağınızla birlikdə yaradın. Uşağın özü də birgə yaradıcılıqdan inanılmaz zövq alacaq. Birlikdə taxta oyuncaq, yaxud “Lego” fiquru, oriqami düzəldə və ya hekayə yaza bilərsiniz. Uşaqla birlikdə yaratmaq sizə də onun dünyasına boylanmaq imkanı verəcək. Beləcə, bir-birinizi daha yaxşı anlayacaqsınız.
18. Yaradıcı işi sona çatdırdığına görə uşağı mükafatlandırın. Məsələn, onun son əsərini satın ala bilərsiniz.
19. Uşağı maraq dairəsinə uyğun müsabiqələrə qoşulmağa həvəsləndirin. Ancaq sözgəlişi onu da deyin ki, cəmi bir neçə nəfər qalib gələcək. Belə deyin ki, uşaq uduzanda bunu yenilik kimi qarşılamasın və növbəti yarışa daha yaxşı hazırlaşaraq, özünü təkmilləşdirsin.
20. Uşağınıza uduzmağın adi bir şey olduğunu, uzun perspektivdə bunun hətta fayda verəcəyini anladın. Məşhur ixtiraçı Thomas Edison demişdi: “Mən uğursuz olmamışam, sadəcə, işləməyən 10 min üsul tapmışam".
21. Uşağınıza duyğu və emosiyalardan danışın. Bu da yaradıcı iş üçün yaxşı xammaldır.
22. Bağça yaşlı uşaqlarınızla kreativ oyunlar oynayın ki, lap kiçik yaşlarından yaratmağın gözəlliyini duysunlar.
23. Uşağınızı rahat buraxın, onu çoxlu qaydalarla yükləməyin. Ona qaydalardan çox, dəyərləri öyrədin.
24. Uşağınıza sərhəd qoyun. Kreativlik ideya və təxəyyülün azad uçuşu olsa da, limitləmə vacibdir. Məsələn, TV proqramlarının müəyyən vaxtı və büdcəsi olur. Nə qədər az resursu olsa, uşaq o qədər kreativ olacaq. O bu sərhədlər çərçivəsində kreativ olmağa can atacaq.
25. Uşağınızın öz bilik və bacarığını təkcə dərinləşdirməsinə deyil, həm də genişləndirməsinə imkan verin. Başqa sözlə, onu məhz bir sahənin bilicisi olmağa məcbur etməyin, əksinə, çox şeylə maraqlanmağa həvəsləndirin. "Orijinallar” kitabının müəllifi Adam Grant deyir ki, adi alimlərdən fərqli olaraq, Nobel mükafatçıları özlərini həm də aktyor, rəqqas, sehrbaz, dramaturq, yazıçı, şair kimi göstərirlər, əl sənətləri ilə məşğul olurlar, musiqi ifa edir, yaxud bəstələyirlər. Axı onlar təbii və fitri olaraq, hər şeylə maraqlanırlar. Bu maraq onlara zehin açıqlığı verir.