Problemli kreditlər aylıq azalıb, ilin əvvəli ilə müqayisədə isə artıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün, oktyabrın 4-də sentyabrın əvvəlinə olan pul-kredit göstəriciləri ilə bağlı bilgilərində belə yazılır.
Həmin bilgilərə görə, göstərilən dövrdə cəmi kreditlər 12, 306, 5 milyon manat təşkil edib. Son bir ayda kreditlər artıb, ondan bir ay əvvəl həmin göstərici 12, 170, 7 milyon manat təşkil etmişdi.
Sentyabrın əvvəlinə vaxtı keçmiş kreditlərin ümumi məbləği 1772,4 milyon manat olub. Həmin kreditlər əvvəlki ayla müqayisədə azalıb, bir ay əvvəl bu göstərici 1782, 1 milyon olmuşdu.
Amma bu ilin yanvar ayının göstəriciləri ilə müqayisədə problemli kreditlər çoxalıb. Yanvarda belə kreditlərin ümumi məbləği 1695,9 milyon manat olmuşdu.
AMB-nin bilgilərinə görə, kreditlərin cəminin manatla olan hissəsi 7623,2 milyon manat təşkil edir. Həmin məbləğin 846, 8 milyonunun vaxtının keçdiyi bildirilir.
Cəmi kreditlərin 4683,4 milyonu isə xarici valyutadadır. Xarici valyutadakı kreditlərin 925,7 milyonu problemlidir.
Ancaq bəzi yerli və beynəlxalq agentliklər AMB-in bilgilərinə şübhə ilə yanaşırlar. Onlar problemli kreditlərin reallıqda rəsmi rəqəmlərdən iki dəfə çox olduğunu düşünürlər.
Xatırlatma
2015-ci ildə Azərbaycanda iki dəfə devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfə dəyər itirib. Bundan sonra problemli kreditlər məsələsi aktuallışıb.