Noyabrın 7-də səhər Moskvanın işğal etdiyi Krım regionuna Ukraynanın dron hücumunun qarşısının alındığı bildirilir. Məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
"Krımın Qara dəniz sahilində doqquz dron məhv edilib, səkkizinin qarşısı alınıb", – nazirlik bəyanatında bildirir.
Rusiyanın Sevastopola təyin etdiyi qubernator Mixail Razvojayev isə vilayət üzərində beş dronun vurulduğunu deyib.
Sevastopolda Rusiyanın Qara dəniz donanması yerləşir.
AzadlıqRadiosunun hadisə yerində olan müxbiri xəbər verir ki, səhər Sevastopolun mərkəzində havadan müdafiə sistemlərinin işini xatırladan partlayış səsləri eşidilib.
Ukrayna Kerçdə gəmini vurub
Rusiyanın iddialarını müstəqil təsdiqlətmək mümkün olmayıb, Ukrayna da iddia olunan hücumla bağlı şərh verməyib. Bundan bir gün öncə Kiyev bildirib ki, noyabrın 4-də Krımdakı Rusiya raket daşıyan gəmisinə "ciddi" ziyan vurub.
Ukrayna ordusu "Askold" gəmisinin təmir olunmayacaq hala düşdüyünü bildirib.
Rusiya ordusu da Ukraynanın Krımda bir tərsanəyə raket zərbəsi endirdiyini, adını açıqlamadığı Rusiya gəmisinə ziyan vurduğunu deyib.
Rusiya Krımı 2014-cü ildə ilhaq edib, Kiyev onu qaytarmağa çalışır.
Hazırda şərqi Donetsk vilayətindəki Avdeyevka sənaye şəhəri uğrunda qızğın döyüşlər gedir, Rusiya qüvvələri şəhəri mühasirəyə salmağa çalışırlar.
Cənubi Zaporojye vilayətində də ağır döyüşlərin getdiyi xəbər verilir. Ukrayna ordusu aylardır gedən əkshücumu gücləndirdiyini bildirib.