Krımdan partlayış xəbərləri gəlir

Krım körpüsü

Rusiya məmuru Kerç şəhərinə, yaxud körpüyə təhlükə olmadığını söyləyib

Xarkova yaxın Rusiya vilayətində yanğın

Rusiyanın Belqorod vilayətinin qubernatoru sursat deposunda yanğına görə iki kəndin əhalisinin köçürüldüyünü bildirir. Belqorod Ukraynanın Xarkov vilayətilə həmsərhəddir.

Qubernator Vyaçeslav Qladkov Telegram-da yazıb ki, avqustun 18-dən 19-na keçən gecə baş vermiş insidentdə xəsarət alan olmayıb, yanğının səbəbi araşdırılır.

Bir gün öncə Qladkov yerli sakinləri sərhəd boyunca basdırılmış minalarla bağlı xəbərdar etmişdi. Onun sözlərinə görə, ərazi Ukrayna qüvvələri tərəfindən atəşə tutulandan sonra minalar aşkarlanıb.

Bu məlumatları müstəqil təsdiqlətmək mümkün olmayıb.

Son günlər Xarkov ətrafında döyüşlər qızışıb. Avqustun 18-də Rusiyanın vilayəti atəşə tutması nəticəsində 17 ukraynalı dinc sakin həlak olub, 42 nəfər yaralanıb. Vilayətin qubernatoru Oleq Sinyehubov baş verənləri “terrorçuluq” adlandırıb.

Buna da bax: Jurnalistlər azı 5700 rusiyalı hərbçinin ölümünü təsdiqlədiblər

Ötən gecə Ukraynanın Rusiya tərəfindən ilhaq olunmuş Krım vilayətində, Belbek aerodromu yaxınlığında azı dörd partlayış olduğu bildirilir. Bu aerodrom Sevastopol liman şəhərinin kənarında yerləşir.

Sevastopola Rusiyanın təyin etdiyi administrator Mixail Razvojayev avqustun 18-də axşam Telegram-da yazıb ki, təyyarə əleyhinə sistemlər Ukrayna dronunu vurublər. O, partlayışların ziyan törətmədiyini əlavə edib.

Buna da bax: Kerç və Sevastopolda partlayış səsləri eşidilir

Körpüyə ziyan dəyməyib

Elə dünən Krımın Kerç şəhərinə Rusiyanın təyin etdiyi məmur havadan müdafiə sistemlərinin işə düşdüyünü açıqlamışdı.

Kerç Krımın şərq ucqarında yerləşir, Krım körpüsünün (Kerç boğazı körpüsü də deyilir) son nöqtəsidir. Rusiyanın saldığı bu körpü Ukraynanın işğal olunmuş regionuyla Rusiyanı birləşdirir.

Rusiya məmuru Kerç şəhərinə, yaxud körpüyə təhlükə olmadığını söyləyib.

2018-ci ilin mayında tamamlanmış Krım körpüsü 4 milyard dollara başa gəlib. Rusiya Prezidenti Vladimir Putinin işə saldığı körpünün tikilməsində məqsəd Moskvanın Krıma iddiasını gücləndirmək idi.

Buna da bax: Ukraynanın yeni strategiyası cəbhədə nəyi dəyişə bilər

Hücumlar

Son günlər Rusiyanın Krımdakı hərbi hədəfləri tez-tez partladılır. Avqustun 16-da sursat anbarındakı partlayışı Rusiya tərəfi “sabotaj” adlandırıb.

Avqustun 9-da Saki aerodromunda partlayışlar nəticəsində azı 9 hərbi təyyarə dağıdılıb.

Ukrayna rəsmiləri partlayışlara görə məsuliyyəti götürməsələr də, adı çəkilməyən rəsmi “New York Times” qəzetinə deyib ki, bu hücumların bəzilərinin arxasında Ukraynanın elit hərbi bölümü durur.

İyulun 31-də Sevastopolda Rusiya Donanma Günü tədbirləri təxirə salınıb. Səbəb Rusiya Qara Dəniz Donanmasının qərargahına dron zərbəsi nəticəsində altı nəfərin xəsarət alması idi.