KTMT qüvvələri Qazaxıstandan çıxarılır

Almatıda yerli administrasiya binasının yaxınlığı

Almatıda yanvarın 19-da təhlükəsizlik tədbirləri gücləndirilib, küçələrdə polis əməkdaşlarının sayı artıb

Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələrinin Qazaxıstandan çıxarılması başa çatıb.

Yanvarın əvvəlində bu Orta Asiya ölkəsində zorakı etirazlar vaxtı Prezident Kasım Jomart Tokayev KTMT qüvvələrini dəvət etmişdi.

Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin və KTMT missiyasının başçısı, General Andrey Serdyukov yanvarın 19-da bəyan ediblər ki, “sülhməramlı əməliyyat” başa çatıb, “bütün” qüvvələr Qazaxıstandan çıxarılıb.

Buna da bax: Nazarbayev: Qazaxıstan elitasında konflikt yoxdur

Almatıda təhlükəsizlik tədbirləri gücləndirilib

KTMT missiyasına Rusiya, Ermənistan, Qırğızıstan və Tacikistandan əsgərlər daxil idi.

Qərbi Janaozen şəhərində maye qazın bahalanmasına etirazlar sonradan hökumət əleyhinə kütləvi nümayişlərə çevrildi. Tokayev “xaricdə təlim görmüş 20 min terrorçu”nun Almatıya hücum etdiyini deyirdi. Ancaq prezident ölkədə “terrorçular”ın olmasına, yaxud onların etirazları qızışdırmasına dəlil göstərməyib.

Buna da bax: Qazaxıstan böhranı Çinlə Rusiyanı yaxınlaşdırır

Rəsmilər etirazlar vaxtı 19 hüquq-mühafizə əməkdaşı olmaqla 227 nəfərin öldürüldüyünü bildirir.

İnsan haqları fəalları ölənlərin sayının qat-qat çox ola biləcəyini deyir, çünki itkin düşənlər var.

Almatıda yanvarın 19-da təhlükəsizlik tədbirləri gücləndirilib, küçələrdə polis əməkdaşlarının sayı artıb. Mühacirətdə olan müxalifətçi Muxtar Ablyazov qazaxıstanlıları bu gün Almatı və digər şəhərlərdə etirazlara çağırıb.